Salam, hərraca çıxarılan əmlaklar  barədə necə məlumat ala bilərəm?

Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan "Mülkiyyət" qəzetindən, Əmlak Məsələləri Dövlət Komitəsinin  www.emdk.gov.az , Hərracların Təşkili üzrə Auksion Mərkəzinin www.auksion.gov.az rəsmi internet saytından əldə edə bilərsiniz. Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  saytına daxil olmaqla  hərraca çıxarılan dövlət əmlaklarının  mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları ilə tanış ola bilərsiniz.

 

Salam, hərraclarda necə iştirak edə bilərəm?

Hərraclarda qanunvericiliyə müvafiq olaraq alıcı hesab edilən, sifariş və digər zəruri sənədləri hərracın keçiriləcəyi tarixə ən geci üç bank günü qalanadək təqdim etmiş və hərraca çıxarılan əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində beh keçirmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər.

 

Salam, hərraca  çıxarılan  nəqliyyat vasitələrinə hərracdan əvvəl necə baxa bilərəm?

Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  saytına daxil olmaqla  nəqliyyat vasitələrinin mövcud vəziyyətini əks etdirən fotolar və mətn məlumatları ilə tanış ola bilərsiniz. Eyni zamanda, balanssaxlayıcı müəssisələrə müraciət etməklə nəqliyyat vasitəsinə baxa bilərsiniz.

 

Salam, hərraca çıxarılan əmlaklara necə sifariş verə  bilərəm?    

Elektron Hökumət Portalına daxil olmaqla Əmlak Məsələləri Dövlət Komitəsinin vətəndaşlara göstərdiyi elektron xidmətlərdən uyğun olanını seçirsiniz. Portala giriş üçün elektron imza vasitələrindən istifadə etməklə sifariş verə, beh ödəyə bilərsiniz. Eyni zamanda müəyyən olunmuş bank hesabına tələb olunan məbləği köçürüb ödənişlə bağlı qəbzi Hərracların Təşkili üzrə Auksion Mərkəzinə təqdim edib sifariş blankını doldurmaqla hərracda iştirak etmək üçün sifariş verə bilərsiniz.

 


Salam, hərracda iştirak edib qalib olmadığım halda odəmiş olduğum beh geri qaytarılırmı?

Hərracda iştirak edib qalib olmadığınız yaxud sifariş verdikdən sonra  hərracda iştirak etməkdən imtina edib sifarişi ləğv etmək istədiyiniz halda  Əmlak Məsələləri Dövlət Komitəsinə  notariusda təsdiq olunmuş formada ərizə ilə müraciət edirsiniz və həmin ərizədə bank hesabınızı göstərirsiniz. Eyni zamanda, şəxsiyyətinizi təsdiq edən sənədin surətini və ödənilən  behin məbləğini əks etdirən qəbzin surətini ərizəyə əlavə edirsiniz. Ödəmiş olduğunuz həmin məbləğ 10 bank günü ərzində hesabınıza geri köçürülür.

 

Salam, müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları barədə məlumatları haradan almaq olar?

 Müsabiqə və hərraclara çıxan bələdiyyə torpaqları haqda məlumatları Əmlak Məsələləri Dövlət Komitəsinin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetindən və Komitənin www.emdk.gov.az və Hərracların Təşkili üzrə Auksion Mərkəzinin www.auksion.gov.az rəsmi internet saytından əldə etmək olar.

 

Salam. bələdiyyə mülkiyyətində olan torpaqların satışı hansı üsulla keçirilir?

Bələdiyyə mülkiyyətində olan torpaqların satışı Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsasən müsabiqə və hərrac yolu ilə satılır və ya icarəyə verilir.

 

Salam, bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə hansı şəxslərə üstünlük verilir?

Bu torpağın əvvəlki istifadəçilərinə və ya icarəçilərinə

AR ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailələrinə

20 təqvim ili və daha çox xidmət etmiş hərbi qulluqçulara

Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclərə

Müvafiq ərazilərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə

Müvafiq bələdiyyənin ərazisində yaşayan və eyni zamanda ən azı 5 il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan AR vətəndaşlarına

 

Salam, torpaq sahələri mülkiyyətə və ya icarəyə hərrac və ya müsabiqə yolu ilə verildikdə hansı şəxslər hərracın qalibi hesab olunur ?

Hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına daha çox alqı-satqı qiyməti və ya icarə haqqı verən fiziki və ya hüquqi şəxs müsabiqə və hərracın qalibi hesab olunur.

 

Salam, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı keçirilən hərrac və müsabiqədə qalib olan şəxslə neçə gün müddətində müqavilə bağlanır?

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2013-cü il tarixli 972 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları”na əsaslanaraq bələdiyyə mülkiyyətinə olan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və icarəyə verildikdə müsabiqə və hərracın qalibinə müvafiq şəhadətnamə verilir və bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır.

 

Salam, bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti nəyə əsasən müəyyənləşdirilir?

Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 99-cu maddəsinin 4-cü hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların icarə haqqının ilkin qiyməti onların təyinatından, sahəsindən, coğrafi yerləşməsindən və keyfiyyətindən asılı olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativlər əsasında müəyyənləşdirilir. Həmin sənədlərdə torpağın normatv qiyməti, torpaq vergisi, habelə tələb və təklif nəzərə alınmalıdır. 

 

Salam, hansı hallarda ərizəçidən ərizə və sənədlər qəbul edilmir?

Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 972 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"nın 10-cu bəndinə əsasən aşağıdakı hallarda ərizəçidən ərizə və sənədlər qəbul edilmir: 
1. ərizələr bildirişdə göstərilən müddət keçdikdən sonra verildikdə ;
2. ərizəni ərizəçinin adından çıxış etməyə vəkil edilməmiş şəxs verdikdə.

 

Salam,mənə məxsus olan qarajı özəlləşdirmək üçün hansı sənədlər lazımdır?

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”yə görə Mərkəz özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların müsabiqə və  hərraclarda satışını həyata keçirir. Qeyd etdiyiniz məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

 

Torpaq sahəm var sərəncamla ev tikmek istəyirəm icazə vermirlər nə edim?

Ev tikintisinə icazənin verilməsi Hərracların Təşkili üzrə Auksion Mərkəzinin fəaliyyət istiqamətlərinə aid deyil.

  

Hərracda satılan maldan vergi tutulur?

Hərracda satılan əmlaklardan heç bir vergi tutulmur

 

Salam,  auksionda tarixi abidə satişa çıxarıla bilər?

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6.2.3-cü maddəsinə, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanunun 17-ci maddəsinə və “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə” Əsasnamənin 3.1.1-ci bəndinə əsasən dünya və ölkə əhəmiyyətli tarixi abidələr istisna olmaqla yalnız yerli əhəmiyyətli tarixi abidələr hərraca çıxarıla bilər.

 

 Mənim Abşeron rayonunun Goradil kəndində evim var. Dövlət reyestrindən cıxarış almaq ücün hansı sənədləri toplamalıyam?

Qeyd edilən məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

 

Mənzil istismar idarəsinin balansındakı istifadəsiz obyekti hərrac vasitəsi ilə özəlləşdirmək olarmı?

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na əsasən istifadəsiz qeyri-yaşayış sahələri hərrac vasitəsi ilə özəlləşdirilə bilər. Ətraflı məlumat almaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməyinizi tövsiyyə edirik.

 

Elektron imzanı necə almaq olar?

Elektron imza xidmətlərinin əldə edilməsi barədə http://www.e-imza.az internet saytından ətraflı məlumat ala bilərsiniz.

 

Rayonda yaşayıram. Mənzilimi necə sənədləşdirə bilərəm?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaşadığınız rayon üzrə ərazi idarəsinə müraciət etməyiniz tövsiyyə olunur.

 

İstifadəsiz daşınmaz qeyri-yaşayış dövlət əmlakını necə özəlləşdirə bilərəm? Özəlləsdirdikdən sonra yaşayış sahəsi kimi istifadə edə bilərəmmi? Kimə və hara müraciət edim?

Qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyətı üzrə Əmlak Məsələləri Dövlət Komitəsinin www.emdk.gov.az rəsmi internet saytına müraciət etməyinizi tövsiyə edirik.

 

 

Məndə yaşı 800 il olan əntiq qılınc var. Onu sizin mərkəzdə hərrac vasitəsilə sata bilərəmmi?

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 116 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”yə görə Hərracların Təşkili üzrə Auksion Mərkəzi özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, müəyyən olunmuş hallarda borclara görə üzərinə həbs qoyulmuş dövlət əmlakının hərraclarda satışını həyata keçirir.

 

 

Dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin hərraclarda satışı necə həyata keçirilir?

Dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin satışı aşağıdakı üsullarla həyata keçirilir: -         özəlləşdirilən səhmdar cəmiyyətlərinin səhmlərinin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı; -    səhmdar cəmiyyətlərinin səhmlərinin hərraclar vasitəsilə satışı; -        dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışı.

 

Dövlət əmlakının hərraclar vasitəsilə satışının həyata keçirməsi ilə Dövlət Əmlakının Tenderlə satışı arasındakı fərq nədir?

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (16 may 2000-ci il №878-IQ) hərraclar vasitəsilə dövlət əmlakının hərraclar vasitəsilə satışı həmin əmlakın hər hansı bir şərt tələb olunmadan özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərə satışıdır. Bu zaman əmlak üzərində mülkiyyət hüququ hərracın gedişində maksimum qiymət təklif etmiş alıcıya verilir. “Dövlət satınalmalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (27 dekabr 2001-ci il №245-IIQ) tender satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların yazılı təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədilə keçirilən müsabiqədir. Tenderin qalibi işlərin (xidmətlərin) yerinə yetirilməsində tenderin şərtlərinə əsasən ən aşağı qiymət təklif edən hüquqi şəxsdir. Tender açıq və ya qapalı keçirilir: Açıq tender — Azərbaycan Respublikasında və beynəlxalq miqyasda yayılan kütləvi informasiya vasitəsilə elan edilən tender predmeti üzrə potensial iddiaçıların əksəriyyətinin iştirak imkanı təmin edilən tenderdir; Qapalı tender – tender keçirənin qabaqcadan müəyyənləşdirdiyi məhdud sayda potensial iddiaçılar arasında keçirilən tenderdir.

 

Salam ,  mən özəl olaraq auksion keçirib şəxsi malımı mülkümü sata bilərəmmi?

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”yə görə Mərkəz özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin, dövlət mülkiyyətinə keçməklə müsadirə olunmuş əmlakın, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların müsabiqə və  hərraclarda satışını həyata keçirir. 

 

Əmlakın satışı birinci hərracda baş tutmayıbsa növbəti hərrac neçə gün və ya aydan sonra keçirilməlidir? Növbəti hərracın keçirilməsi üçün icra orqanının təkrar sifarişiniə ehtiyac varmı?

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Əmlakının hərraclar vasitəsilə satışı Qaydaları”na əsasən hərrac baş tutmadığı hallarda onun yekunu haqqında protokol tərtib olunur və protokolda müəssisənin (obyektin), səhmin, habelə torpaq sahələrinin satıcıya geri qaytarılması qeyd edilir. Satıcıya geri qaytarılmış müəssisələrin təkrar hərraca çıxarılması növbəti aya keçirilir. Əmlak Məsələləri Dövlət Komitəsinin sədri həmin müəssisənin (obyektin), səhmin, habelə torpaq sahələrinin təkrar hərraca çıxarılması barədə sərəncam imzalayır. Bu barədə Komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində məlumat dərc olunur. Həmçinin Mərkəzin www.auksion.gov.az internet saytında məlumat yerləşdirilir.

 

Salam, bazar və birjanın fərqi nədir?

Bazar – ümumi mənada mal və ya xidmətlərin alınıb-satıldığı, insanların zəruri ehtiyaclarının və istəklərinin qarşılanması prosesinin baş verməsi üçün alıcı və satıcının bir araya gəldiyi yerdir. Bu proses mübadilə adlanır. Birja – ticari mal və sənədlərin, müəyyən standartlar və qaydalar daxilində alınıb satıldığı mütəşəkkil bir sistemdir. Çox illik fəaliyyət müddətinə malik olan birjalar bazar iqtisadiyyatının əsas ünsürlərindən birini təşkil edir. İnkişaf etmiş bazar iqtisadiyyatı şəraitində əksəriyyət ticarət əməliyyatları birjalar vasitəsilə həyata keçirilir. Birja bazarı, bazar birjanı tamamlamaqla biri digərindən kənarda qalmır. Birjaların əsas vəzifəsi iqtisadiyyatı yalnız xammal, kapital və ya xarici valyutalar ilə təmin etmək deyil, həm də əmtəə, kapital, valyuta, iş qüvvəsi bazarlarının işini qaydaya salmaq, onların normal iş fəaliyyətini təşkil etməkdir. Birjada edilən əməliyyatlarda sərmayəçilər ilə bazar arasında əlaqə quran və məlumat alış-verişini təmin edən vasitəsçi təşkilatlar olur. Bu təşkilatlar bazarda ticarəti edilən hər cür sərmayə vasitəsinin alış-verişində vasitəçilik, tərəflər arasında müqavilələrin təşkil edilməsi, sərmayə məsləhətçiliyi kimi xidmətləri təmin edərlər.