Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin Əsasnaməsi

                                                                                                  I. Ümumi müddəalar


1.1.Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”yə və qüvvədə olan digər normativ-hüquqi aktlara müvafiq olaraq hazırlanmışdır və Əmlak Məsələləri Dövlət Komitəsinin (bundan sonra-Komitə) yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin (bundan sonra-Mərkəz) Dövlət əmlakının satışı üzrə hərracların təşkili şöbəsinin (bundan sonra-şöbə) əsas fəaliyyət istiqamətlərini, vəzifələrini, habelə işinin təşkili qaydalarını və işçilərin məsuliyyətini müəyyən edir.
1.2.Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarlarını, Komitə sədrinin qərar, əmr və sərəncamlarını, Mərkəzin direktorunun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur.
1.3.Şöbə Mərkəzin struktur bölməsi olmaqla Mərkəzin direktoruna tabedir və öz işini Mərkəzin digər struktur bölmələri ilə qarşılıqlı əlaqədə qurur.

 

    II. Şöbənin əsas fəaliyyət istiqamətləri 

2. Şöbənin əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:
2.1.Dövlət müəssisələrinin bazasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin, eləcə də kiçik dövlət müəssisələrinin və obyektlərin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışının keçirilməsini təşkil etmək və bununla bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək;
2.2.Dövlət müəssisə və obyektlərinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin ixtisaslaşdırılmış pul hərraclarında satışını təşkil etmək və bununla bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək;
2.3.Özəlləşdirmə prosesində dövlət müəssisə və obyektlərinin, habelə dövlət müəssisələrinin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin pul hərracı (30%) vasitəsilə satışının və eyni zamanda müştərək müəssisələrin nizamnamə kapitalının dövlətə məxsus paylarının satışının keçirilməsini təşkil etmək və bununla bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək;
2.4.Respublika üzrə hərraca çıxarılan obyektlərin (kiçik dövlət müəssisələri, istifadəsiz qeyri-yaşayış sahələri, tikintisi başa çatdırılmamış obyektlər, obyektin yerləşdiyi torpaq sahələri, nəqliyyat vasitələri, qurğu, avadanlıqlar) satışının keçirilməsini təşkil etmək və bununla bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək;                                                                                                              2.5.Dövlət mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsini təmin etmək                                                                                         

                                                                                                     III. Şöbənin əsas vəzifələri

  1. Şöbə özünün əsas fəaliyyət istiqamətlərindən irəli gələn aşağıdakı vəzifələri yerinə yetirir:

3.1. Dövlət əmlakının satışı üzrə hərracları qüvvədə olan qanunvericiliyə uyğun olaraq təşkil etmək;

3.2. Dövlət müəssisələrinin bazasında yaradılmış səhmdar cəmiyyətlərinin səhmlərinin, kiçik dövlət müəssisələrinin və obyektlərin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışı üzrə:

3.2.1. güzəştli satışın keçirilməsini təşkil etmək və bununla bağlı zəruri tədbirləri həyata keçirmək;

3.2.2. səhmdar cəmiyyətlərinin özəlləşdirmə komissiyalarının sədrlərini səhmlərin əmək kollektivi üzvlərinə güzəştli satışının keçirilməsi haqqında məlumatlandırmaq, müvafiq qaydalar və formalarla təmin etmək;

3.2.3. səhmdar cəmiyyətlərinin səhmlərinin əmək kollektivi üzvlərinə güzəştli satışına dair yekun sənədləri və ödəniş qəbzinin surətini özəlləşdirmə komissiyasından qanunvericiliyə uyğun olaraq yoxlayıb qəbul etmək;

3.2.4. səhmdar cəmiyyətlərinin səhmlərinin əmək kollektivi üzvlərinə güzəştli satışına dair yekun sənədlərin təsdiq edilməsini təmin etmək;

3.2.5. səhmdar cəmiyyətlərində keçirilən güzəştli satışın nəticələrinə dair təsdiq edilmiş yekun sənədlərinin bir nüsxəsini və səhm əldə etmiş əmək kollektivi üzvləri üçün hazırlanmış müvafiq bildirişi özəlləşdirmə komissiyasına təqdim etmək; 

3.2.6. kiçik dövlət müəssisələrinin və obyektlərinin əmək kollektivi üzvlərinə bilavasitə və ya elektron xidmət vasitəsilə güzəştli satışının keçirilməsini Mərkəzin zona bölmələrinin iştirakı ilə təşkil etmək;

3.2.7. kiçik dövlət müəssisələrinin və obyektlərinin özəlləşdirməsi prosesində əmək kollektivi tərəfindən vəkil edilmiş şəxsdən və ya əmək kollektivi üzvündən güzəştli satışa dair sənədlərin qanunvericiliyə uyğun olmasını yoxlayıb qəbul etmək;

3.2.8. kiçik dövlət müəssisələrinin və obyektlərinin güzəştli satışının nəticələrinin təsdiq edilməsi üçün “Kiçik müəssisə kimi özəlləşdirilən müəssisə və obyektlərin ilkin (start)  qiymətinin 15 faizinin güzəştli qaydada satışının rəsmiləşdirilməsi komissiyası”nın müzakirəsinə təqdim etmək və güzəştli satışın nəticələrinə əsasən əmlak payı əldə etmiş şəxslərə komissiya tərəfindən təsdiq edilmiş bildirişlərin verilməsini təmin etmək;      

3.3.  Dövlət müəssisə və obyektlərin bazasında yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin ixtisaslaşdırılmış pul hərraclarında satışı üzrə:

3.3.1. səhmdar cəmiyyətlərinin səhmlərinin ixtisaslaşdırılmış pul hərraclarında satışını təşkil etmək və bununla bağlı zəruri tədbirləri həyata keçirmək;

3.3.2. komitə sədrinin müvafiq sərəncamı ilə müəyyən olunmuş vaxt və müddətlərdə səhmdar cəmiyyətlərinin səhmlərinin ixtisaslaşdırılmış pul hərraclarında satışını təşkil etmək;                                                                                                                                           

3.3.3. qanunvericiliklə müəyyən edilmiş qaydada fiziki və hüquqi şəxslər tərəfindən ixtisaslaşdırılmış pul hərraclarında iştirak etmək üçün verilmiş I və II növ sifarişlərin, onlara əlavə edilmiş sənədlərin və pul vəsaitinin bilavasitə və elektron xidmət vasitəsi ilə qəbul edilərək qeydiyyata alınmasını təmin etmək;                                                                          

3.3.4. fiziki və hüquqi şəxslər tərəfindən verilmiş sifarişləri və əlavə edilmiş sənədləri müəyyən edilmiş qaydada İxtisaslaşdırılmış Pul Hərracı Komissiyasına, sifarişlərlə qəbul edilmiş pul vəsaitlərini isə Mərkəzin kassasına təhvil verilməsini təmin etmək;                                                  

3.3.5. Mərkəzin zona bölmələrində fiziki və hüquqi şəxslər tərəfindən ixtisaslaşdırılmış pul hərraclarında iştirak etmək üçün təqdim edilmiş sifarişlərin, onlara əlavə edilmiş sənədlərin qəbul edilməsini, yoxlanmasını və İxtisaslaşdırılmış Pul Hərracı Komissiyasına təhvil verilməsini təmin etmək;                                                                                                                                                                                                                                                                         

3.3.6. hərraclar başa çatdıqdan sonra İxtisaslaşdırılmış Pul Hərracı Komissiyası tərəfindən qalib elan olunmuş şəxslərə bildirişlərin verilməsini təmin etmək.

3.4. Səhmdar cəmiyyətlərinin pul hərracında satışa çıxarılan səhmlərinin, habelə nizamnamə kapitalında dövlətin payı olan müştərək müəssisələrdə dövlətin payının satışı üzrə:

3.4.1. səhmdar cəmiyyətlərinin pul hərracında satışa çıxarılan səhmlərinin, habelə nizamnamə kapitalında dövlətin payı olan müştərək müəssisələrdə dövlətin payının satışı məqsədilə hərracları təşkil etmək;

3.4.2. səhmləri satışa çıxarılan səhmdar cəmiyyətləri barəsində hüquqi və fiziki şəxslərə qanunvericiliklə müəyyən olunmuş qaydada məlumat vermək;

3.4.3. fiziki və hüquqi şəxslər tərəfindən hərraclarda iştirak etmək üçün verilən sifarişləri, o cümlədən elektron xidmət vasitəsilə verilmiş sifarişləri qəbul etmək;

3.4.5. qalib alıcılara “alqı-satqı” müqavilələrini, hərracın yekun protokollarını təqdim etmək və qeydiyyatını aparmaq;

3.5. Dövlət müəssisə və obyektlərinin (kiçik dövlət müəssisələri, istifadəsiz qeyri-yaşayış  sahələri, tikintisi başa çatdırılmamış obyektlər, obyektin yerləşdiyi torpaq sahələri, nəqliyyat vasitələri, qurğu, avadanlıqların) satışı üzrə:

3.5.1. dövlət müəssisə və obyektlərinin satışı məqsədilə hərracları təşkil etmək;

3.5.2. respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən “Kiçik dövlət müəssisələrinin (obyektlərinin) satışı üzrə hərrac komissiyaları”ndan onların tərkibi haqqında məlumatları almaq;

3.5.3. komissiyalar tərəfindən keçirilmiş hərraclarda satılan obyektlər barəsində hərrac sənədlərini qəbul etmək.

3.6. Dövlət mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi üzrə:

3.6.1. dövlət mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsini təmin etmək;

3.6.2. respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən Torpaq müsabiqə və hərrac komissiyalarının (bundan sonra-Komissiya) fəaliyyətinin təşkilində iştirak etmək;

3.6.3. dövlət mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi ilə əlaqədar daxil olan sənədlərin komitənin müvafiq struktur bölmələri ilə birgə ekspertizasının aparılmasını təmin etmək;

3.6.4. dövlət mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsinin təmin edilməsi məqsədilə əmr layihəsinin hazırlanmasını, elanın  dərc olunmasını və  internet saytında yerləşdirilməsini təmin etmək;

3.6.5. fiziki və hüquqi şəxslər tərəfindən müsabiqə və ya hərraclarda iştirak etmək üçün verilən sifarişləri qəbul etmək;

3.6.6. qalib alıcılara hərrac protokollarının verilməsini  təmin etmək;  

3.6.7. keçirilmiş müsabiqə və ya hərracların nəticələrinə əsasən komissiyalara təqdim edilmiş şəhadətnamələrin reyestrini aparmaq;

3.6.8. tərəflər arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra mükafat haqqının müvafiq hesaba ödənilməsinə nəzarət etmək;

3.6.9. keçirilmiş müsabiqə və ya hərracların yekun sənədlərini qəbul etmək;

3.6.10. keçirilmiş müsabiqə və ya hərraclarda mülkiyyətə və ya icarəyə verilən dövlət mülkiyyətində olan torpaqlar barəsində Mərkəzin zona bölmələrindən hesabatları qəbul etmək.

3.7. Alıcı və sifarişçilərin keçirilən hərraclarda, həmçinin əmək kollektivi üzvlərinin güzəştli satışın keçirilməsi prosesində bərabər, sağlam rəqabət mühitində, aşkarlıq şəraitində, şəffaflıq və qanunçuluq prinsiplərinə uyğun olaraq iştirakını təmin etmək.                             

­3.8. Hərracların yekunları haqqında məlumatların, dövlət mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının yekunları haqqında məlumatların, həmçinin güzəştli satışın nəticələri haqqında məlumatların reyestrini aparmaq, onların elektron daşıyıcılarda saxlanılmasını və komitənin müvafiq struktur bölmələrinə təhvil verilməsini təmin etmək, hərracların və güzəştli satışın nəticələri barədə məlumatları rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində dərc olunmasını və  Mərkəzin internet saytında yerləşdirilməsini təmin etmək, səhmdar cəmiyyətlərin səhmlərinin güzəştli satışının, pul və ixtisaslaşdırılmış pul hərraclarının yekun sənədlərinin Milli Depozit Mərkəzinə göndərilməsini təmin etmək.


                                                                                                IV. Şöbənin işinin təşkili 

4. Şöbə Komitə sədrinin əmri ilə yaradılır və ləğv edilir.

5. Şöbəyə Komitə sədri tərəfindən vəzifəyə təyin edilən şöbə müdiri rəhbərlik edir.

6. Şöbə müdiri aşağıdakı məsələlərin həllini təmin edir:

6.1. şöbənin qarşısında qoyulmuş vəzifələrin icrasını təmin edir;

6.2. şöbənin işinə rəhbərlik edir;

6.3. şöbənin işçiləri tərəfindən əmək intizamına və öz vəzifələrinin vaxtında və düzgün icra edilməsi üzərində nəzarəti həyata keçirir;

6.4. şöbənin işçilərinə icrası məcburi olan göstəriş və tapşırıqlar verir;

6.5.şöbənin işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması barədə təkliflər verir;

6.6. rəhbərliyin yanında keçirilən tədbirlərdə və digər tədbirlərin keçirilməsi zamanı şöbəni təmsil edir;

6.7. şöbənin işçiləri arasında iş bölgüsü aparır.

7. Şöbə müdiri olmadıqda onu müavini əvəz edir.

8. Şöbənin tərkibinə aşağıdakı sektorlar daxildir:

8.1. Səhmlərin və güzəştli satışın təşkili sektoru;

8.2. Dövlət əmlakının və güzəştli satışın təşkili sektoru.


 

                                                                                           V. Şöbənin işçilərinin məsuliyyəti

9. Şöbə müdiri onun qarşısında qoyulmuş vəzifələrin vaxtında və tam icrasına görə şəxsən məsuliyyət daşıyır.

10. Şöbə müdirinin müavini müəyyən edilmiş istiqamətlər üzrə qoyulmuş vəzifələrin icrasına görə məsuliyyət daşıyır.

11. Sektor müdirləri müəyyən edilmiş istiqamətlər üzrə sektorların qarşısında qoyulmuş vəzifələrin icrasına görə məsuliyyət daşıyırlar.

12. Şöbənin hər bir işçisi hazırladığı, ekspertizadan keçirdiyi və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarlarına, Komitə sədrinin qərar, əmr və sərəncamlarına, Mərkəz direktorunun əmrlərinə uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.