Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Maliyyə əməliyyatları və mühasibat sektorunun Əsasnaməsi

                                                 I. Ümumi müddəalar


1.Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi haqqında Əsasnamə”yə və qüvvədə olan normativ-hüquqi aktlara müvafiq olaraq hazırlanmışdır və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin (bundan sonra - Mərkəz) Maliyyə əməliyyatları və mühasibat sektorunun (bundan sonra  – sektor) əsas fəaliyyət istiqamətlərini, vəzifələrini, habelə işinin təşkili qaydalarını və işçilərin məsuliyyətini müəyyən edir.
2. Sektor öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ-hüquqi aktları, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarlarını, Komitə sədrinin qərar, əmr və sərəncamlarını, Mərkəzin direktorunun əmr və göstərişlərini və bu Əsasnaməni rəhbər tutur. 

3. Sektor Mərkəzin struktur bölməsi olmaqla Mərkəzin direktoruna tabedir və öz işini Mərkəzin digər struktur və zona bölmələri ilə qarşılıqlı əlaqədə qurur.

                                                II. Sektorun əsas fəaliyyət istiqamətləri

4. Sektorun əsas fəaliyyət istiqamətləri aşağıdakılardan ibarətdir:

4.1. Mərkəzin fəaliyyəti ilə bağlı maliyyə əməliyyatlarının və mühasibat uçotunun aparılmasını təşkil etmək, maliyyə hesabatlarının, Mərkəzin saxlanması xərclərinin proqnoz layihələrinin hazırlanmasını həyata keçirmək.

                                                III. Sektorun əsas vəzifələri

5. Sektorun əsas fəaliyyət istiqamətlərindən irəli gələn aşağıdakı vəzifələri vardır:

5.1. dövlət əmlakının ixtisaslaşdırılmış pul hərraclarında satışından, kiçik dövlət müəssisə və obyektlərinin, açıq səhmdar cəmiyyətlərinin səhmlərinin əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışından nağd və onlayn qaydada, dövlət nəfinə müsadirə olunmuş əmlakların hərraclar vasitəsilə satışından onlayn və köçürmə qaydasında qaydada Mərkəzin depozit hesabına daxil olmuş vəsaitlərin saxlanılması, istifadəsi, dövlət büdcəsinə və Komitənin tranzit hesabına köçürülməsi və təmin edilməmiş sifarişlər üzrə ödənişlərin geri qaytarılmasını təmin etmək;

5.2. Mərkəzin strukturuna və təsdiq edilmiş ştat cədvəlinə əsasən işçilərə təyin edilmiş vəzifə maaşlarının, ixtisas dərəcələri və staja görə əlavələrin, əmək haqqı, mükafat və s. ödənişlərin hesablanması və ödənilməsini təmin etmək;

5.3. maddi məsul şəxslərin işə qəbul edilməsi və işdən çıxarılması zamanı maddi qiymətlilərin təhvil-təsliminin aparılması, mal-materialların mədaxil və silinməsinə aid əmr və digər sənədlərin hazırlanmasında iştirak etmək;

5.4. Mərkəzin saxlanması xərcləri (smeta) həddi çərçivəsində ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə əlaqədar bank əməliyyatlarını təmin etmək;

5.5. bankda hesablaşma hesabı və digər hesabların açılması və bağlanmasını təmin etmək;

5.6. Mərkəzin əmlakını, dövriyyə aktivlərini, fondlarını və bütün maliyyə təsərrüfat fəaliyyətindəki əməliyyatlarını mühasibat uçotunda düzgün əks etdirmək üçün ilkin sənədlərin qəbul və tərtib edilməsi, müvafiq kitablara qeydlərin vaxtlı-vaxtında aparılmasını təmin etmək.

5.7 Mərkəzin depozit hesabına köçürmə qaydasında daxil olan dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və icarəyə verilməsi ilə bağlı torpaq müsabiqə və hərracların təşkilindən daxil olan 4% mükafat haqqının uçotunun aparılması və təsdiq olunmuş smetaya uyğun xərclənməsini təmin etmək.

                                                IV. Sektorun işinin təşkili


6. Sektor Komitə sədrinin əmri ilə yaradılır və ləğv edilir.

7. Sektora Komitə sədri tərəfindən vəzifəyə təyin edilən sektor müdiri-baş mühasib rəhbərlik edir.

8. Sektor müdiri-baş mühasib aşağıdakı məsələlərin həllini təmin edir:

8.1. sektor qarşısında  qoyulmuş vəzifələrin icrasını təmin edir;

8.2. sektorun işinə rəhbərlik edir;

8.3. sektorun işçiləri tərəfindən əmək intizamına riayət edilməsi və öz vəzifələrini vaxtında və düzgün icra edilməsinə nəzarəti həyata keçirir;

8.4. sektorun işçilərinə göstəriş və tapşırıqlar verir;

8.5. sektorun işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi və mükafatlandırılması barədə təkliflər verir;

8.6. rəhbərliyin yanında keçirilən tədbirlərdə və digər tədbirlərin keçirilməsi zamanı sektoru təmsil edir;

8.7. sektorun işçiləri arasında iş bölgüsü aparır. 

                                              V. Sektorun işçilərinin məsuliyyəti

9. Sektor müdiri-baş mühasib sektorun qarşısında qoyulmuş vəzifələrin vaxtında və tam icrasına görə şəxsən məsuliyyət daşıyır. 

10. Sektorun hər bir işçisi hazırladığı, ekspertizadan keçirdiyi və imzaladığı sənədin Azərbaycan Respublikasının qanunvericilik aktlarına, Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının qərarlarına, Komitə sədrinin qərar, əmr və sərəncamlarına, Mərkəz direktorunun əmrlərinə uyğunluğuna görə bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələr çərçivəsində şəxsən məsuliyyət daşıyır.