Ağdaş rayonunda torpaq uçotu bitdi: nəticələr praktiki istifadəyə verildi

Artıq Ağdaş rayonunda da torpaqların elektron kadastr uçotunun nəticələrinin real iş rejimində istifadəsinə start verilib. Bu məqsədlə Əmlak Məsələləri Dövlət Komitəsi aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, rayon İcra Hakimiyyətinin nümayəndələrinin, eləcə də bələdiyyələrin, mülkiyyətçilərin iştirakı ilə martın 6-da İctimai təqdimat keçirib. Tədbirdə Ağdaş rayonunu əhatə edən elektron kadastr uçotu işlərinin ayrı-ayrı sahələrə verəcəyi real faydalar, əldə edilən nəticələrin istifadə qaydaları izah edilib, alınan göstəricilər nümayiş olunub.

Digər rayonlarda olduğu kimi burada da mülkiyyət mənsubiyyətindən asılı olmayaraq torpaqların sərhədləri müəyyən edilib. Heç bir torpaq sahibi digər ərazini qanunsuz olaraq istifadə edə bilməyəcək. Bu kimi hallar tamamilə aradan qalxır. Eyni zamanda, rayonun torpaq fondunda müxtəlif kateqoriyalara aid, o cümlədən kənd təsərrüfatı, sənaye təyinatlı ərazilərin həcmi müəyyən olunub.  

Uçot işləri nəticəsində Ağdaş rayonunun bələdiyyə hüdudları daxilində 78 min hektar­­­­ torpaq sahəsinin mövcudluğu  müəyyən olunub. Bəlli olub ki,  bu ərazidən 10,7 min hektarı ­­­­dövlət, 39,4 min hektar­­­­ı bələdiyyə, 27 min hektar­­­­ı xüsusi mülkiyyətdə olan torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 50,3 min hektara yaxını (64.5 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 34,5 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahələrinin həcmi 29 min hektar olduğu halda, elektron uçot nəticəsində müxtəlif uqodiyaların hesabına onun həcminin artaraq 34,5 min hektara çatdığı müəyyən edilib. Uçot işləri zamanı həmçinin  müəyyən edilib ki, torpaq payı almış ailələrdən 13 min 174-nün torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin torpaqların uçotu zamanı  kənd təsərrüfatına yararlı sahələrdə  yerləşən özbaşına salınmış  tikili və qurğular barədə də müfəssəl məlumatlar əldə edilib. Belə ki, həmin ərazilərdə 1297 tikili və qurğuların (bundan 68-i dövlət mülkiyyətində, 855-i bələdiyyə mülkiyyətində, 375-i xüsusi mülkiyyətdə) olduğu aşkar olunub.

Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq bu işlər həyata keçirilir. Artıq respublikanın 33 rayonunun bələdiyyə hüdudları daxilindəki kənd təsərrüfatı təyinatlı torpaqlarda kadastr uçotu işləri yekunlaşıb.