Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Daşkəsən Filizsaflaşdırma” ASC-nin özəlləşdirilməsində məsləhət xidmətləri göstərəcək şirkət müəyyən edilmişdir

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2016-cı il tarixli “Azərbaycan Respublikasının metallurgiya kompleksində sağlamlaşdırma və restrukturizasiya tədbirlərinin həyata keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Sərəncamla müəyyən edildiyi kimi, özəlləşdirmənin daha səmərəli və ölkənin strateji maraqlarına uyğun keçirilməsi məqsədi ilə prosesə nüfuzlu məsləhətçi şirkətin cəlb edilməsi üçün Komitə tərəfindən açıq tender elan olunmuşdur. Tender haqqında məlumatlar qanunvericiliyin tələblərinə uyğun olaraq kütləvi informasiya vasitələrində, Komitənin rəsmi internet səhifəsində, privatization.az portalında, dövlət satınalmaları haqqında elektron elanların cəmləşdiyi tender.gov.az saytında yerləşdirilmişdir.

Tender prosesinə böyük maraq olmuş, 8 nüfuzlu məsləhətçi şirkət iddiaçı qismində iştirak etmiş və bunlardan 4-ü konsorsium şəklində təklif təqdim etmişdir. Tender Komissiyasının qərarına əsasən, daha səmərəli fəaliyyət planı və ən aşağı qiymət təklif edən “KPMG Azerbaijan Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi açıq tenderin qalibi seçilmişdir.

Tenderin qalibi Komitəyə göstəriləcək məsləhət xidmətləri çərçivəsində “Daşkəsən Filizsaflaşdırma” ASC-nin beynəlxalq norma və standartlar əsasında qiymətləndirilməsini, müəssisənin maliyyə-iqtisadi təhlillərinin aparılmasını, müəssisənin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə tələb olunan investisiyaların təxmini həcminin və istiqamətlərinin müəyyən edilməsini, özəlləşdirmə prosesinə yerli və xarici investorların cəlb edilməsi üçün məlumat memorandumunun tərtib olunmasını, investisiya müsabiqəsinin təşkili və keçirilməsi ilə bağlı zəruri sənədlərin hazırlanmasını, habelə Komitənin tələbi ilə digər işlərin görülməsini təmin edəcək.

Məlum olduğu kimi, ölkədə iqtisadi fəallığı gücləndirmək və iqtisadiyyatın şaxələndirilməsini təmin etmək məqsədi ilə dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi mühüm istiqamət kimi müəyyən edilmişdir. Ölkə başçısı tərəfindən imzalanmış 19 iyul 1003 saylı fərman ilə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı prioritetlər müəyyən edilərkən, ilk növbədə regionda rəqabət qabiliyyəti potensiyalı olan və sosial-iqtisadi inkişafa töhfə verə biləcək fəaliyyəti dayanmış müəssisələrin özəlləşdirilməsinə üstünlük verilməsi müəyyən edilmişdir.

 “Daşkəsən Filizsaflaşdırma” ASC-nin investisiya müsabiqəsi üsulu ilə özəlləşdirilməsi zamanı dövlət büdcəsinə ödənişlə yanaşı, ən çox investisiya qoyan və onun daha səmərəli qoyuluşunu təklif edən investorlara üstünlük veriləcək. Özəlləşmə nəticəsində yerli xammala əsaslanan, idxalı əvəz edən və ixrac potensiyallı polad məhsulların ölkə daxilində istehsalını təmin edəcək qeyri-neft sektorunda ən böyük klasterin yaradılması nəzərdə tutulur. İnteqrasiya olunmuş polad zavodlarının tikintisi və sonrakı dövrlərdə, əsasən bölgələrdə olmaqla minlərlə yeni iş yerinin açılmasına şərait yaranacaq. Milli iqtisadiyyatın səmərəliliyinin artırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsi baxımından müəssisənin uğurla özəlləşdirilməsi böyük əhəmiyyət daşıyır.