İnvestorlar 11 dekabr hərracında 83 dövlət əmlakı üzrə seçim edə biləcək

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təşkil olunan açıq və şəffaf hərraclarda hər kəs iştirak edərək əmlak sahibi ola bilər. Özəlləşdirməyə çıxarılan dövlət əmlaklarının ölkənin bir sıra regionlarında yerləşməsi və  müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərməsi investorların seçim imkanını artırır. Vətəndaşlara yönəlik hərrac prosedurları onların rahat özəlləşmə mühitində iştirakını təmin edir.

Komitənin keçirəcəyi növbəti hərraclardan biri dekabrın 11-i reallaşacaq. Bu dəfəki hərraca ümumilikdə 83 dövlət əmlakı çıxarılıb. Onlardan 35-i kiçik dövlət müəssisə və obyekti, 21-i qeyri-yaşayış sahəsi, 7-si nəqliyyat vasitəsi, 20-si isə səhmdar cəmiyyətidir. Hər bir investora maraqlı ola biləcək kiçik dövlət müəssisə və obyektləri respublikanın Qazax, İmişli, Şəki və digər rayonlarında yerləşir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 12 kv.m ilə 11 min 266 kv.m aralığındadır. Ən yüksək ümumi faydalı sahəyə malik olan dövlət əmlakı Balakən şəhəri, Atatürk prospektində yerləşir. Qeyd edilən ünvandakı Əmlak kompleksi ümumi ərazisi 37 min 602 kv.m olan torpaq sahəsi ilə birgə özəlləşdirməyə  çıxarılıb. Fərqli biznes istiqamətlərində investora gəlir qazandıra biləcək yüksək potensiallı bu obyektin ilkin hərrac qiyməti 715 min manatdır.

Daha az büdcəylə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən vətəndaşlar seçimini qeyri-yaşayış sahələri üzrə edə bilər. Belə ki, bu kateqoriyadan olan dövlət əmlaklarının ümumi faydalı sahəsi 5.8 kv.m və 287.9 kv.m intervalındadır. Müxtəlif sahələr üzrə  ofis və xidmət obyekti kimi istifadəyə imkan verən dövlət əmlaklarından 12-si Bakıda, 4-ü Sumqayıtda, digərləri isə Gəncə, Ağdaş və Daşkəsəndə yerləşir. Paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 147 kv.m-dir.

Bu dəfəki hərraca çıxarılan Kia, Daewoo, Mercedes və Mitsubishi kimi markalardan olan avtomobillərin buraxılış tarixləri 2005-2008-ci illərdir. Özəlləşdiriləcək səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketlərinin ümumi həcmi 30%-45% arasındadır. “Azərmetalinvest”, “Lerik Kəndkimya”, “Şəki Tikinti Quraşdırma” kimi səhmdar cəmiyyətlərinin ticarət, kəndkimya, nəqliyyat, tikinti-inşaat kimi sahələr üzrə fəaliyyət imkanları mövcuddur.

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə hərraclarda iştirak etmək istəyən vətəndaşlar komitənin rəsmi saytı (emdk.gov.az), sosial şəbəkələrdəki səhifələri və Özəlləşdirmə portalından (privatization.az) ətraflı məlumat əldə edə bilər. Göstərilən mənbələrə yerləşdirilmiş dövlət əmlakları haqqında məlumatlarla tanış olmaqla bərabər, elektron sifariş vermək və hərracda  onlayn iştirak etmək kimi fürsətlər də mövcuddur.