“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Bakı kəndlərində - xidmətlərin bu həftəki ünvanı Mərdəkandır

Əmlak Məsələləri Dövlət Komitəsi  göstərilən xidmətləri əhaliyə daha yaxın etmək üçün ictimai kampaniyaların keçirildiyi ərazilərin sayını artırmaqda davam edir. Vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması prinsipini rəhbər tutaraq  “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası bu həftə Mərdəkan qəsəbəsində təqdim olunur. Xidmətlərdən yararlanmaq istəyən sakinlər 19-23 noyabr tarixlərində saat 09:00-dan 17:00-a qədər Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində, Mədəniyyət sarayının qarşısındakı mobil ofisə yaxınlaşa bilər.

Kampaniya çərçivəsində fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarına dair çıxarış almaq istəyən vətəndaşlar sənədlərini səyyar xidmət ofisinə təqdim edə bilər. Qeyd edək ki, sosial aksiya zamanı vətəndaşlara qeydiyyat ilə bərabər, hüquqi xidmətlər də göstərilir.  Sakinlər tərəfindən komitənin fəaliyyəti ilə bağlı ünvanlanan bütün suallar mütəxəssislər tərəfindən cavablandırılır, hüquqi məsləhətlər verilir.a

“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyasının keçirilməsi vətəndaşların mülkiyyət hüququndan rahat istifadəsini təmin edir eləcə də, qanunvericiliyə uyğun leqal əmlakların sayını artırır. Bu kampaniya keçirildiyi hər bir kənd və qəsəbədə sağlamlıq imkanları məhdud və yaşlı sakinlərin maneəsiz qeydiyyat xidmətlərindən istifadə etməsinə şərait yaradır.