10 iyul hərracına hansı dövlət əmlakları çıxarıldı?

Vətəndaşların məmnunluğunu daima öz fəaliyyətində əsas tutan Əmlak Məsələləri Dövlət Komitəsi müasir üsullarla özəlləşdirmə xidmətlərini həyata keçirir. Bu sahədə elektron hərracın tətbiqi isə vaxta qənaətə və rahatlığın təminatına yönəlib. Komitə xidmətlə vətəndaş arasında məsafəni minimuma endirərək  şəffaf, məhdudiyyətsiz mühitdə hərrac prosesini təklif edir. Elektron formada seçim və sifariş prosedurlarının sadəliyi, o cümlədən, hərraca onlayn qatılaraq iştirak etmə və izləmə imkanı bu sahəyə olan ictimai marağı yüksəldir.

Hərracların keçirilməsində məqsəd isə dövlət əmlaklarının investorlar tərəfindən özəlləşdirilərək onların yüksək fayda və səmərə verməsinə nail olmaqdır. Komitə tərəfindən növbəti hərrac iyul ayının 10-da baş tutacaq. Qeyd edək ki, bu hərraca 164 dövlət əmlakı çıxarılıb. Vətəndaşların və investorların 97 kiçik dövlət müəssisə və obyektləri, 67 qeyri-yaşayış sahələri arasında seçim etmək şansı var.

Bu dəfə də hərracda kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət, faydalılıq baxımından çoxçeşidlidir.  Belə ki, ilkin hərrac qiyməti 900 manat və 400 min manat aralığında olan belə əmlaklar Bakı, Qax, Mingəçevir və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.

Hərracda böyük investisiya yatırmaq iddiası olan şəxslər üçün seçim imkanı genişdir. İlkin qiyməti 400 min manat, ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxın olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 42 saylı mağaza müxtəlif istiqamətdə fəaliyyətə imkan verir

 Prosesə çıxarılan müəssisələr arasında İsmayıllı şəhərində yerləşən Ziyalılar evinin yarımçıq tikilisi, Qovlar tikiş fabrikinin Goranboy sahəsi, "Çinar" soyuducular zavodunun Şəmkir filialı kimi əmlaklar var. Hərracda fəaliyyətini bərpa etməklə gəlir gətirə biləcək əmlaklar sırasında Masallıda Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfatı göstərmək olar. Belə ki, əhalinin kənd məhsullarına olan tələbatının yüksək olduğunu nəzərə alsaq, əmlakı olduqca gəlirli obyektə çevirmək mümkündür. Əmlakın ümumi faydalı sahəsi 980 kv.m-dən çox, torpaq sahəsi isə 26 min kv.m-dən artıqdır. Tikinti sahəsində betona olan tələbi təmin edərək gəlir götürmək üçün Gəncə şəhəri Kəpəz rayonunda yerləşən Beton və məhlul istehsal edən sahə uğurlu seçim ola bilər.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 37-si Bakıda, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə yerləşir. Bu əmlakların ümumi faydalı sahəsi 11 kv.m ilə 154 kv.m arasında dəyişir. Mingəçevir şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən əmlak ictimai iaşə və xidmət sahəsinə öz töhfəsini verə bilər.

Ölkə vətəndaşları ilə bərabər xarici investorların da prosesə elektron hərrac vasitəsilə qoşulması olduqca rahatdır. Onlayn şəkildə qeydiyyatdan keçərək, ilkin qiymətin 10%-i həcmində beh ödəyib, seçdikləri əmlakı sifariş edə bilərlər. Qeyd edək ki, komitənin keçirdiyi hərracda istənilən şəxs sifarişçi və müşahidəçi kimi iştirak edə bilər.

Hərracların keçiriləcəyi vaxt, prosesə çıxarılan dövlət əmlakları barədə ətraflı məlumatlar və sifariş proseduruna keçid Özəlləşdirmə portalı (privatization.az), Komitənin rəsmi saytı (emdk.gov.az) və sosial şəbəkələrdəki rəsmi səhifələrdə yerləşdirilir.

 
 

Kütləvi informasiya vasitələrinin nəzərinə: “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda Konfrans keçiriləcək

Əmlak Məsələləri Dövlət Komitəsi və Dünya Bankının birgə təşkilatçılığı ilə 12 iyun tarixində, saat 08:45-də, Marriott Hotelinin “Şərq” zalında “Dövlət müəssisələrinin fəaliyyətində şəffaflıq və səmərəliliyin təşviqi” mövzusunda Konfrans keçiriləcəkdir. Konfransda Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi, Dünya Bankının Azərbaycan üzrə Ölkə Meneceri Navid Həsən Naqvi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbərliyi, İqtisadiyyat nazirliyinin, Maliyyə nazirliyinin əməkdaşları, müstəqil iqtisadçı ekspertlər və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.

Konfrans çərçivəsində dövlət müəssisələrinin fəaliyyətinin əsas göstəricilərinin təhlili üçün maliyyə monitorinqi alətləri və sistemi təqdim edilərək, Hökumət, onun qurumları və dövlət müəssisələri arasında daha uğurlu idarəetmə üzrə məlumat axınının inzibatçılığını təkmilləşdirmək və Azərbaycanda dövlət müəssisələrinə dair islahatların aparılmasının davam etdirilməsi barədə qərarların qəbul edilməsi sahəsində müzakirələr təşkil ediləcəkdir.

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə universitetlərinin tələbə, magistr və məzunları ilə olan görüşlərini davam etdirir

Azərbaycan Memarlıq və İnşaat Universitetində məzun, tələbə və magistrlər ilə Əmlak Məsələləri Dövlət Komitəsində könüllü fəaliyyət və işə qəbul” mövzusunda görüş keçirib.

Görüşün məqsədi komitənin fəaliyyət sahələri, strukturuna daxil olan və tabeliyindəki qurumlarda işə qəbul qaydaları, o cümlədən bununla bağlı həyata keçirilən könüllük proqramı haqqında məlumatlandırmaqdır. Eyni zamanda müvafiq ixtisaslar üzrə tələbələrin, gənc məzunların komitədə istehsalat təcrübələri keçmələri üçün universitetlərlə əlaqələrin genişləndirilməsi də əsas vəzifələrdəndir.

Tədbirdə komitənin fəaliyyət istiqamətləri, həyata keçirdiyi proqramlar, layihələr barədə geniş məlumat verilib. Həmçinin tədbir iştirakçıları komitənin strukturuna daxil olan və tabeliyindəki qurumlara işə qəbul yolları barədə  də geniş informasiya əldə ediblər. Bildirilib ki, tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində əlverişli imkanlar yaradılıb.

Bununla yanaşı qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsində könüllülük proqramının həyata keçirilməsi davam edir. Proqram “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq reallaşdırılır. Fəaliyyət müddətinin sonunda könüllülərin nəzəri biliklərini və biliklərini tətbiq etmək bacarıqlarını qiymətləndirmək məqsədi ilə test imtahanları keçirilir. Topladıqları ballara uyğun olaraq isə onlara müvafiq sertifikatlar verilir. Həmçinin, fəaliyyətləri müddətində öhdəliklərini layiqincə yerinə yetirən və intizamlı könüllülərin bir qismi komitənin tabeliyinə daxil olan qurumlarda müvafiq vəzifələrə təyin edilir.

Vurğulanıb ki, komitənin fəaliyyət istiqamətləri üzrə müvafiq xidmət sahələrinə könüllülərin cəlb edilməsi 2017-ci ilin iyul ayından başlanılıb. İndiyə qədər 105 nəfər könüllü komitənin müvafiq qurumlarında könüllü fəaliyyətə cəlb olunub. Onlar fəaliyyət göstərdikləri dövrdə müəyyən bilik və bacarıqlara yiyələnib və iş mühitinə adaptasiya olunublar. Bu müddətdə fərqlənən 36 nəfər könüllü komitədə olan müvafiq vakant vəzifələrə təyin edilib.

Sonda mövzu ilə bağlı tələbə və məzunların sualları cavablandırılıb. Qeyd edilməlidir ki, gələcəkdə digər universitetlərdə də bu cür tədbirlərin keçirilməsi planlaşdırılır.

 

   

Torpaqların elektron kadastr uçotu bu sahədə idarəçiliyin daha sistemli və effektiv aparılacağına zəmin yaradır

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 7 mart 2016-cı il tarixli  müvafiq Fərmanına əsasən yaradılan, mükəmməl layihə olan torpaqların elektron kadastr uçotu bu sahədə idarəçiliyin daha sistemli və effektiv aparılacağına imkan verir. Belə məqsədlə həyata keçirilən işlərin miqyası genişləndirilir. Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən vətəndaş qəbulunda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov səsləndirib. Qeyd edilməlidir ki, komitə sədri iyun ayının 9-da vətəndaşların müraciətləri və təklifləri ilə yerindəcə tanış olmaq üçün İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində bölgə sakinlərini qəbul edib. Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda İsmayıllı rayonu ilə yanaşı Qəbələ, Oğuz rayonlarından olan sakinlərin də müraciətləri dinlənilib.

Komitə sədri vətəndaşların diqqətinə çatdırıb ki, torpaqların mükəmməl kadastr uçotunun formalaşdırılması, torpaqların elmi əsaslarla idarəedilməsinə, ölkənin torpaq balansının dəqiqləşdirilməsinə, vahid torpaq bazasının yaradılmasına zəmin yaradır.

Müraciətlər əsasən torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları ilə əlaqədar olub. Daşınmaz əmlakın qeydiyyatı, özəlləşdirilmə sahəsinə də aid müraciətlər ünvanlanıb.

Bildirilib ki, bu günədək artıq 18 rayonda torpaqların elektron kadastr uçot işləri yekunlaşıb. Artıq 6 rayonda (Salyan, Ağsu, Beyləqan, Göygöl, Samux, Balakən) kadastr işlərinin praktiki istifadəsinə başlanılıb. Bununla bələdiyyələr, torpaqların ümumi həcmindəki payını müəyyənləşdirə bilirlər. Eyni zamanda hansı ərazilərin dövlətə və ya xüsusi mülkiyyətə aid olduğu dəqiqləşir. Həmçinin vətəndaşlar alacağı torpaqda hansı növ fermer təsərrüfatı ilə məşğul olacağını planlaşdıra bilirlər. Belə ki, torpaqların münbitlik dərəcəsi ilə bağlı məlumat bazası formalaşır. Qeyd edilib ki, komitənin nəzdində fəaliyyət göstərən stasionar və mobil torpaq və bitki laboratoriyaları da fermerlərin istifadəsindədir. Bununla kəndlilər məhsuldarlığı artırmaq üçün torpağının iqtisadi göstəricilərini müəyyənləşdirə bilirlər.

O da vurğulanıb ki, torpaq idarəçiliyində dövlət nəzarətinin həyata keçirilməsi, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş vermiş dəyişikliklərin müəyyən edilməsi məqsədilə qurulan Peyk nəzarət sistemi bu işlərin effektivliyini artıracaq.

Qəbul zamanı vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir çoxu yerində həllini tapıb. Hər bir vətəndaş müraciətinə diqqətlə yanaşan komitə sədri Kərəm Həsənov müraciətlərin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb. Bir qisim müraciətlər operativ araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Komitənin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qəbul çərçivəsində komitə sədri yerli qurumlara, aidiyyəti idarələrə fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlarını verib. Bildirib ki, torpaq istifadəçiliyində vətəndaş müraciətlərinin daha operativ həlli üçün bu sahənin elmi əsaslarla idarə edilməsi imkanları genişləndirilməlidir, torpaqların elektron kadastr uçotu işləri sürətləndirilməlidir. Eyni zamanda qeydiyyat xidmətləri vətəndaşlara daha rahat və müasir üsullarla çatdırılmalı, o cümlədən qanunvericilik çərçivəsində insan maraqları təmin olunmalıdır.

Regional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək. 

   

Seçim et, sifariş ver və özəlləşdir: özəlləşdirilən əmlaklar haqqında məlumatları necə və haradan əldə etməli?

Özəlləşdirilən müəssisələr haqqında bütün məlumatlar vətəndaşlar üçün açıqdır. Sadəcə “Özəlləşmə portalına” (privatization.az) və komitənin emdk.gov.az internet saytına daxil olmaqla bu informasiyaları əldə etmək mümkündür. Komitənin rəsmi mətbu orqanı olan “Mülkiyyət” qəzetində belə məlumatlar dərc edilir. Bu məlumatlar hər hansı bir müəssisə və dövlət əmlakı özəlləşdirilməyə çıxarılmamışdan bir ay öncə ictimaiyyətə geniş şəkildə açıqlanır. Özəlləşdirmə, o cümlədən hərraclara çıxarılan əmlaklar və hərracın nəticələri ilə bağlı da operativ məlumatlar kütləvi informasiya vasitələrində yayımlanır.

Səhmdar cəmiyyətlərinin səhmlərinin hərraclarda özəlləşdirilməsi ilə bağlı məlumatlarda müəssisənin adı və təsis tarixi, hüquqi ünvanı, nizamnamə kapitalının həcmi, buraxılmış səhmlərin ümumi həcmi, bir səhmin nominal dəyəri, satışa çıxarılmış səhmlərin sayı və nominal dəyəri, onların ilkin hərrac qiyməti, ilkin hərrac qiymətinin 10 faiz hesablanmış behin məbləği kimi informasiyalarla tanış olmaq mümkündür.

 Kiçik dövlət müəssisələrinin hərrac elanlarında isə müəssisənin adı, ünvanı, ümumi faydalı sahəsi, özəlləşdirilən torpaq sahəsi, işçilərinin sayı, əmlakın start qiyməti, əmək kollektivinə güzəştli şərtlərlə satılmış hissə, torpaq sahəsinin ilkin qiyməti, ümumi əmlakın ilkin qiyməti və 10% behin məbləği açıqlanır.

İstifadəsiz qeyri-yaşayış sahələrinin özəlləşdirmə elanlarında obyektin adı, ünvanı, mərtəbəliliyi, sahəsi, ilkin hərrac qiyməti və ödəniləcək behin məbləği qeyd edilir.

Qeyd edilməlidir ki, özəlləşdirmədə ictimaiyyət üçün geniş seçim imkanlarının olması üçün dövlət əmlakları barədə məlumatlar hər həftə yenilənir. Həmin əmlaklar hərracın keçirilməsindən 1 ay öncə yerləşdirilir. Əmlaklarla əvvəlcədən tanışlıq investora öncədən fəaliyyətini planlaşdırmağa, bazarı ətraflı təhlil etməyə, mövcud riskləri analiz etməyə imkan verir.

Özəlləşdirmənin nəticələri barədə də geniş məlumatlar ictimaiyyətə çatdırılır. Bu məlumatlar hərrac baş tutduqdan 15 gün müddətinə açıqlanır. Nəticələr ilə tanış olmaq üçün portalda xüsusi bölmə də fəaliyyət göstərir. Nəticələrdə isə müəssisənin ünvanı, dövlət büdcəsinə ödənilməli vəsaitin məbləği, o cümlədən, satılmış səhmin miqdarı və növü, hesablaşma qaydası kimi mühüm məlumatlar verilir.

Investisiya müsabiqəsi vasitəsilə özəlləşdiriləcək müəssisələr haqqında da geniş informasiyalar acıqlanır. Onların fəaliyyət istiqaməti, bazardakı perspektivləri, mövqeyi kimi məlumatlar yer alıb. Həmçinin, əsas istehsal sahələri və onların qısa xarakteristikası, o cümlədən, investisiya qoyuluşunda üstün cəhətlər, müəssisənin imkanları, bazarda mövcud olan rəqiblər və onların xüsusi çəkisi haqqında ətraflı informasiyalar yerləşdirilib.

Alıcı hərracda iştirak etmək üçün hərracın başlanmasına ən gec 3 bank günü qalanadək sifariş verməli və özəlləşdirilən əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində behi müvafiq bank hesabına köçürməlidir. Sifarişin və ona əlavə edilən sənədlərin qəbulu dərc olunmuş məlumatda göstərilən müddətdə həyata keçirilməlidir.

Qeyd edilməlidir ki, dövlət əmlakları özəlləşdirilməyə çıxarılmazdan əvvəl icarəçilərə bildirişlər göndərilir. Bildirişdə əmlakın hərrac vasitəsilə özəlləşdirilməsi barədə məlumat əks olunur.