Çağrı mərkəzi

 

Vətəndaşların əmlak məsələləri ilə bağlı Çağrı mərkəzinə olan müraciətləri operativ həll olunur, hüquqi məsləhətlər verilir.

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaş müraciətlərinin qəbulu, çevik cavablandırılması, müraciətlərin araşdırılması və həlli işini daim diqqətdə saxlayır. Bu məqsədlə Komitədə 193148 və 566-07-44  nömrəli Çağrı mərkəzləri fəaliyyət göstərir. 193 saylı Çağrı mərkəzi dövlət əmlakının özəlləşdirilməsi, icarəsi və istifadəsi, 148 saylı Çağrı mərkəzində vətəndaşlara aid daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı, 566-07-44  nömrəli Çağrı mərkəzində isə özəlləşdirmə prosesində keçirilən hərraclarla bağlı suallar cavablandırılır.

Müraciətlərin böyük əksəriyyəti sorğu xarakterli olmaqla, daha çox daşınmaz əmlakın qeydiyyatı sahəsində hüquqi yardım və məsləhətlərin alınması, komitənin elektron və onlayn xidmətləri ilə bağlı olur. Belə ki, müraciətlərin bir qismi vətəndaşlara müvafiq qurum tərəfindən ayrılmış və ya alqı-satqı ilə əldə etdikləri torpaq sahələrinin, kommersiya məqsədli  qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi, digər qismi fərdi həyət evləri və mənzillərə dövlət reyestrindən çıxarışın və texniki pasportun alınması məsələlərini  əhatə edir. Çağrı mərkəzi vasitəsilə vətəndaşlara daşınmaz əmlakın qeydiyyatının hüquqi üstünlükləri və sosial faydaları, dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı ilə bağlı elektron xidmətlər haqqında izahat və məsləhətlər verilir. Komitənin elektron və onlayn xidmətlərinin yaratdığı rahatlıq, şəffaflıq, operativlik və vaxta qənaət kimi üstünlükləri Çağrı mərkəzinə müraciət edən vətəndaşlara çatdırılır. Onlara izah olunur ki, daşınmaz əmlak barədə yüklülük arayışlarını idarələrə getmədən onlayn xidmət vasitəsilə əldə edə bilərlər. Eyni zamanda, öz daşınmaz əmlakları haqqında dövlət reyestrində qeydə alınmış məlumatlarla heç bir ödəniş etmədən, heç bir yerə getmədən elektron xidmətdən istifadə etməklə tanış ola bilərlər.

Çağrı mərkəzinə müraciət etmiş xüsusi sosial təbəqədən olan vətəndaşlara komitənin mobil ofis xidmətləri barədə də məlumat verilir. Daşınmaz əmlakın qeydiyyatı xidmətləri komitənin xüsusi avtomobilləri vasitəsilə həm Bakı, həm regionlarda  vətəndaşların ünvanına çatdırılır.

Həmçinin  müraciətlər zamanı qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, məhdudiyyət arayışları, ümumi mülkiyyətin bölünməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər özəl mülkiyyət məsələləri ilə bağlı suallar verilir. Bütün sorğuların mahiyyəti üzrə cavablandırılması təmin edilir.

Eyni zamanda sorğu xarakterli müraciətlərin sırasında dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlı suallar da soruşulur. Bir çox müraciət özəlləşdirmə prosesində keçirilən hərracların təşkili qaydaları, həyata keçirilən elektron hərraclar və hərraclarda iştirak üçün tələb olunan sənədlərlə bağlı olur. Yeni elektron xidmətlər vasitəsilə hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu prosedurları ilə bağlı sorğular, vətəndaşların icarə müqaviləsi əsasında istifadə etdikləri və ya istifadədə olmayan dövlət əmlakının özəlləşdirilməsi barədə müraciətləri cavablandırılır. Vətəndaşlara icarə haqqı borcunun elektron xidmət vasitəsilə öyrənilməsi imkanı barədə də məlumat verilir.

Komitənin Çağrı mərkəzinə daxil olan müraciətlər sırasında araşdırma tələb edən məsələlər də olur. Həmin müraciətlər qeydə alınır və həlli məqsədilə zəruri araşdırmalar aparılır. Araşdırma xarakterli müraciətlər orta hesabla 1-1,5 gün müddətində cavablandırılır.