youtubeVideoGalery

<iframe width="420" height="315"
src="https://www.youtube.com/embed/XGSy3_Czz8k">
</iframe>


Azərbaycanda daşınmaz əmlakın vahid kadastrı, qeydiyyatı və idarə edilməsinə dair elektron sistem yaradılır

 Keçmiş Sovetlər məkanında insanların bilavasitə təmasda olduğu daşınmaz əmlak obyektlərinin (torpaq, zavod və fabriklər, təbii sərvətlər və s.) mütləq əksəriyyəti dövlətin müstəsna mülkiyyətində olub. Ona görə də, dövlətin əmlak məsələlərinə dair siyasəti çox sadə və hamıya bəlli idi. “Ümumxalq mülkiyyəti” məfhumu altında, demək olar ki, bütün daşınmaz əmlak obyektləri dövlətə məxsus idi.

Bugünkü vəziyyət fərqlidir. Çoxmülkiyyətli vətəndaş cəmiyyətlərində mülkiyyət  məsələsi daha qabarıq şəkildə gündəmə gəlir. Belə şəraitdə əmlak məsələlərinə dair siyasətin hazırlanması və həyata keçirilməsi, çoxşaxəli əmlak münasibətlərinin tənzimlənməsi dövlətin prioritet sahəsinə çevrilir.

Hal-hazırda Azərbaycan tənzimlənən bazar iqtisadiyyatının qanunları ilə yaşayır. Hazırda mülkiyyətçilərin (dövlətin, yerli özünüidarəetmə orqanlarının, vətəndaşların) özlərinin mülkiyyətləri üzərində müstəsna maraqları vardır: mülkiyyətlərində olan əmlakın sivil idarəetməsini təmin etmək, onların qorunub saxlanılması şərti ilə idarəetmədən daha çox mənfəəət götürmək. Bu gün dövlət də, bələdiyyələr də, vətəndaşlarımız da belə düşünür. Belə düşüncə tərzi təkcə bizlərə deyil, dünyada sivil inkişaf yolu tutmuş bütün cəmiyyətlərə xas olan bir xüsusiyyətdir.

Dövlət digər mülkiyyətçilərdən fərqli olaraq ümumdövlət əhəmiyyəti kəsb edən maraqlarını da ortaya qoymuşdur. Bu maraq ondan ibarətdir ki, ölkəmizin hüdudları daxilində olan bütün əmlak növləri mülkiyyət mənsubiyyətindən asılı olmayaraq düzgün idarə edilsin, əmlak münasibətləri dövlətçiliyimizin möhkəmləndirilməsinə, ölkə iqtisadiyyatının qüdrətlənməsinə, hər bir Azərbaycan vətəndaşının və ailəsinin rifah halının yaxşılaşdırılmasına xidmət etsin. Bütün bunlara nail olmaq üçün əmlak münasibətlərinə dair dövlət siyasəti həyata keçirilməli, cəmiyyətdə əmlak münasibətləri tənzimlənməlidir.

Bir sıra hallarda idarəetmə orqanları sərəncamlarında olan daşınmaz əmlak obyektləri barədə idarəetmə üçün zəruri sayılan bir sıra məlumatlara malik olmadıqlarından əmlakların idarə edilməsi ilə bağlı qərarçıxarmada problemlərlə üzləşirlər.

Azərbaycan hökuməti sivil dünya ölkələrinin qabaqcıl təcrübələrinə istinad edərək daima əmlak idarəçiliyinin təkmilləşdirilməsi, əmlak münasibətlərinin tənzimlənməsi istiqamətlərində ciddi addımlar atır.

XXI əsrdə əmlak münasibətlərinin idarə edilməsinə dair bütün məsələlər elmin son nəaliyyətlərinə söykənməli, idarəetmədə ən yeni texnologiyalar tətbiq edilməlidir. Daşınmaz əmlak obyektinin elmi əsaslarla idarə edilməsi isə onun sistemli, hərtərəfli şəkildə tədqiqini tələb edir. Bu tədqiqin məzmun və mahiyyəti ölkədə mövcud olan bütün daşınmaz əmlak obyektləri barədə elektron məlumat bazasını özündə ehtiva edən daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibindən və aparılmasından ibarətdir.

Kadastr işlərinin tarixi dünyada çox qədim dövrə təsadüf edir. Torpağın becərilməsi, insanlar arasında əşya mübadiləsi, əmlak alqı-satqısı, müxtəlif cür vergilərin meydana gəlməsi tarixi elə kadastr işlərinin başlanğıcına dəlalət edən hadisələrdəndir. Hələ eramızdan əvvəl III minillikdə Çində torpaq münbitliyinin dəyərləndirilməsi ilə bağlı kadastr işləri aparılıb. Eramızdan əvvəl XII-XIII əsrlərdə qədim yunanlar “yer” və “torpaq” anlayışlarını bir-birindən fərqləndirir, torpaqlardan onların keyfiyyətlərini nəzərə almaqla istifadə edilməsini məqbul sayırdılar.

SSRİ-nin mövcudluğu şəraitində Sovetlər İttifaqının digər müttəfiq respublikalıarında olduğu kimi Azərbaycanda da daşınmaz əmlakın ayrı-ayrı növləri üzrə müxtəlif sahəvi kadastrlar aparılıb. Müstəqillik illərində Azərbaycan Pespublikasının digər sahələrində aparılan ciddi islahatların məntiqi nəticələrinin tələbləri, sahəvi kadastr məlumatlarının müxtəlif icra hakimiyyəti orqanları tərəfindən hazırlanması ilə əlaqədar bu sahədə yaranmış pərakəndəlik, son illərdə “Elektron hökumət”ə keçidlə bağlı qəbul edilmiş normativ-hüquqi sənədlər, digər sahələrdə olduğu kimi kadastr xidməti sahəsində də ”vahid pəncərə” sisteminə keçidlə bağlı hədəfin olması, qabaqcıl dünya ölkələrinin kadastr təcrübələri ilə tanışlıq ölkəmizdə bu sahədə də ciddi islahatların aparılması zərurətini ortaya qoymuşdur.

Qabaqcıl dünya ölkələrinin daşınmaz əmlakın kadastrı sahəsindəki təcrübələrinin təhlili göstərir ki, məlumatların toplanması, emalı və saxlanması sahələrindəki təkrarçılığı aradan qaldırmaqla əmək və maliyyə xərclərində qənaətə nail olmaq olar. Artıq Avropa ölkələrinin əksəriyyətində ayrı-ayrı sahəvi kadastrların daşınmaz əmlakın dövlət kadastrında, vahid informasiya məkanında cəmləşdirilməsi prosesi yekunlaşmışdır.

İnkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan Azərbaycan dövləti də ölkədə daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibinə və aparılmasına qərar vermişdir.

Bu gün Azərbaycanda Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müasir dünya təcrübələrinə əsaslanan yeni kadastr sistemi formalaşdırılır. Ölkədə daşınmaz əmlakın kadastrı sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün normativ-hüquqi baza yaradılır, özəl kadastr mərzçəkənlər institutu formalaşdırılır, beynəlxalq əməkdaşlıq çərçivəsində kadastr sahəsində qabaqcıl dünya təcrübəsi öyrənilir, müxtəlif beynəlxalq layihələr həyata keçirilir, ölkəmizin kadastr sisteminə ən müasir texnika və texnologiyalar gətirilir.

Qabaqcıl dünya ölkələrinin təcrübələrinə istinad etməklə ölkə üzrə daşınmaz əmlakın vahid dövlət kadastr məlumat bazasının yaradılması işinin tamamlanması, daşınmaz əmlakın kadastrının elektron məhsullarının hazırlanması, daşınmaz əmlak obyektlərinin vahid dövlət kadastr uçotuna alınması, elektron xidmətlərin göstərilməsi, daşınmaz əmlakın kadastrı və əmlak üzərində hüquqların qeydiyyatı sahələrində vahid elektron informasiya sisteminin yaradılması ölkədə daşınmaz əmlakın kadastrı fəaliyyətinin inkişaf hədəfləri kimi müəyyənləşdirilmişdir.

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlakın vahid dövlət kadastrının, qeydiyyatının, ünvan reyestrinin tərtibi və aparılması sahələrində qabaqcıl dünya ölkələrinin təcrübələrinin öyrənilməsi və əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ciddi işlər görür.

Azərbaycan Hökümətinin maliyyə vəsaiti hesabına "Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" Layihəsi müvəffəqiyyətlə başa çatmışdır.

 Artıq "Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasınn yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi" Layihəsi də müvəffəqiyyətlə yekunlaşıb . Layihə   çərçivəsində Bakı şəhərinin bütün  rayonlarında mövcud olan daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası yaradılmış, bu rayonların rəqəmsal kadastr xəritələri tərtib edilmişdir.  Artış paytaxtımızda daşınmaz əmlak obyektlərinin, şəhər təsərrüfatının idarə edilməsinə, əmlak üzərində hüquqların qeydiyyatına və digər məqəsdlərə xidmət edən  müfəssəl məlumat bazasına malik olmuşuq.  Respublikamızın digər şəhər, rayon, qəsəbə və kəndləri üzrə isə "sadə kadastr"ın yaradılması işləri də müvəffəqiyyətlə başa çatıb..

Azərbaycan Hökuməti ilə Almaniya Federativ Respublikası Hökuməti arasındakı “Maliyyə Əməkdaşlığı haqqında” Sazişə əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Almaniya Federativ Respublikasının KFW Bankı arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq Gəncə şəhərində və Şəki rayonunda “Kadastr və daşınmaz əmlakın qeydiyyatı” Layihəsi artıq müvəffəqiyyətlə yekunlaşmışdır.

Yaxın 4 il ərzində "mükəmməl kadastr"ın yaradılması işləri ölkənin bütün ərazisində  yekunlaşacaqdır .

2007-ci ildən ölkəmizdə Dünya Bankının maliyyə dəstəyi ilə “Daşınmaz əmlakın qeydiyyatı” Layihəsi də müvəffəqiyyətlə həyata keçirilmişdir. Layihənin idarə edilməsinə və hayata keçirilməsinə ABŞ-dan, Avropa Birliyi ölkələrindən kadastr və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı sahəsində böyük təcrübəyə malik alimlər, mütəxəssislər cəlb olunmuşdular. Layihə çərçivəsində ölkədə daşınmaz əmlakın kadastrını tərtib edən  və daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını həyata keçirən  Əmlak Məsələləri Dövlət Komitəsini maddi-texniki bazasının möhkəmləndirilməsi ,  müvafiq proqram təminatlarıyla təchiz edilməsi, bu sistemə müasir texnikanın və texnologiyanın gətirilməsi istiqamətlərində ciddi işlər görülmüşdür. İstər dövlət orqanlarında, istərsə də özəl qurumlarda kadastr işində çalışan işçilərin peşəkarlıq səviyyələrinin artırılması, qabaqcıl dünya ölkələrinin bu sahədəki iş təcrübələrinin öyrənilməsi üçün layihənin dəstəyi ilə müxtəlif kurslar, treninqlər, Avropa ölkələrinə ezamiyyətlər təşkil edilmişdir.

Bu gün inkişaf etmiş ölkələrin əksəriyyətində müasir informasiya-kommunuikasiya texnologiyalarının tətbiqi ilə mükəmməl daşınmaz əmlakın kadastrı, qeydiyyatı və idarə edilməsi sistemi mövcuddur. Ölkə vətəndaşlarına “vahid pəncərə” sistemi ilə xidmət göstərən bu şəbəkə Azərbaycan xüsusiyyətləri nəzərə alınmaqla bizim respublikamızda da qurulmaqdadır. Bu istiqamətdə Əmlak Məsələləri Dövlət Komitəsi ciddi addımlar atır. İstər institusional dəyişikliklər, istərsə də beynəlxalq layihələrin həyata keçirilməsi ilə respublikamızda yaxın gələcəkdə müasir mükəmməl vahid kadastr və qeydiyyat  sisteminin təşkilinə nail olunacaqdır.

“Daşınmaz əmlakın qeydiyyatı” layihəsi  çərçivəsində yaradılan Daşınmaz Əmlakın Kadastrı, Qeydiyyatı və İdarə Edilməsi  İnformasiya Sistemi (DƏKQİİS) bir çox ümumdövlət və regional idarəetmə məsələlərinin həllinə dəstək verəcəkdir.

Sistemin məlumatlarından müxtəlif mərkəzi icra hakimiyyəti, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər müxtəlif məqsədlər üçün istifadə edəcəklər.

Sistem ilk növbədə hüquqi münasibətlərin tənzimlənməsi sahəsində informasiya rolunu oynacaqdır. Belə ki, bu sistem fiziki və hüquqi şəxslərin, Azərbaycan Respublikasının  ayrı-ayrı subyektlərinin, bələdiyyələrin daşınmaz əmlak üzərində hüquqlarının dövlət və məhkəmə müdafiəsinin, habelə hüquq  subyektləri arasında  əmlak hüquqlarının bölgüsü prosesini informasiya dəstəyi ilə təmin edəcəkdir.

Daşınmaz əmlakın vahid dövlət kadastrı mülkiyyət növündən, mənsubiyyətindən, habelə təyinatından asılı olmayaraq bütün növ daşınmaz əmlak obyektlərini kadastr uçotuna almaqla  ölkənin və bələdiyyələrin büdcələrinin formalaşdırılmasında xüsusi yükləri olan torpaq və əmlaka dair vergitutma bazasının genişləndirilməsinə xidmət edəcək, əmlakın fərdi və kütləvi bazar qiymətləndirilməsinə şərait yaratmaqla vergitutma fəaliyyətini təkmilləşdirəcək, əmlak bazarını intensivləşdirəcəkdir. Dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələri, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) obyektlərinin (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq istifadəçidən və ya icarəçidən  geri alınması zamanı kompensasiyanın həcmi müəyyənləşdirilərkən  bu informasiya sisteminin məlumatlarından istifadə olunacaqdır.

Sistem ölkədə bank sektorunun və sığorta sisteminin inkişafına da dəstək verən informasiya mənbəyi olacaqdır. Belə ki, sonradan hüquqi quvvəyə minən dayanıqlı kadastr məlumatlarının mövcudluğu ipoteka predmeti olan daşınmaz əmlak obyektlərinin (torpaq, bina, ev, mənzil və s.) ipoteka bazarına cəlbini daha şəffaf edəcək, ipoteka kreditləşməsinin inkişafına təkan verəcəkdir.

Sistem əmlak idarəçiliyində də əvəzsiz rol oynayacaqdır. Belə ki, əmlak planlaşdırılması və əmlak idarəçiliyi üçün zəruri olan informasiyanın əsasını daşınmaz əmlakın kadastr uçotu məlumatları təşkil edir. İri infrastruktur layihələrinin həyata keçirilməsi və ya digər səbəblər üzündən daşınmaz əmlak obyektlərinin yenidən qurulması, təşkili, formalaşdırılması zamanı idarələrarası (sahələrarası) qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi kadastr məlumat bazası əsasında təmin ediləcəkdir. Daşınmaz əmlak obyektləri üzərində dövlət, bələdiyyə nəzarətlərinin həyata keçirilməsi, daşınmaz əmlakın vəziyyəti və istifadəsi ilə bağlı monitorinqlərin aparılması, ölkənin, onun ayrı-ayrı bölgələrinin, bələdiyyələrin ərazilərinin planlaşdırılmasına, funksional zonalaşdırılmasına, yaşayış məntəqələrinin inkişaf planlarına dair tədbirlər də daşınmaz əmlakın vahid dövlət kadastrının dayanıqlı və davamlı məlumat bazasına istinadən həyata keçiriləcəkdir.

Elektron məlumat bazası icra və qanunvericilik orqanlarının strukturlarını, məhkəmələri, bankları, fiziki və hüquqi şəxsləri, bələdiyyələri qanunvericilikdə müəyyən edilmiş qaydalarda dövlət tərəfindən mövcudluğu tanınmış kadastr uçotu obyektləri barədə dolğun kadastr məlumatları ilə təchiz edəcəkdir. Bu baza ölkədə ünvan, əhali, hüquqi şəxslərin reyestri ilə informasiya mübadiləsi aparmağa, onlara daşınmaz əmlak obyektləri ilə bağlı kadastr informasiya dəstəyi verməyə imkan yaradacaqdır.

Məlumat bazasından ilk növbədə daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sistemi bəhrələnəcəkdir. Məlumatların elektron şəkildə mövcudluğu mülkiyyət üzərində hüquqların qeydiyyatı sisteminin sadələşdirilməsinə şərait yaradacaq, daha çox sayda hüquqların dövlət tərəfindən tanınmasına və qorunmasına zəmanət verəcəkdir.

 DƏKQİS-in təşkili yaxın gələcəkdə vətəndaşlarımızın daşınmaz əmlak bazarında apardığı əməliyyatlar zamanı üzləşdikləri vaxt itkisi ilə bağlı problemlərinin də aradan qaldırılmasına imkan verəcəkdir.

Dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasının yaradılması, elektron xidmətlərin təşkili, bütövlükdə “Elektron hökümət“ sistemində fəaliyyət baxımından daşınmaz əmlakın vahid kadastrı, qeydiyyatı və idarə edilməsinə dair elektron sistem əvəzsiz mənbə rolunu oynayacaqdır. 

Ölkədə mövcud olan sağlam işgüzar mühit, uzun illərə hesablanmış işlər üçün hədəfin düzgün seçimi, layihələrin həyata keçirilməsi zamanı elmin təcrübə ilə vəhdətinin təmin edilməsi, qarşıya çıxan problemlərin qısa zaman kəsiyində həlli, sivil dünya təcrübəsinə istinad bizə əminlik verir ki, böyük bilik və bacarıq, maliyyə vəsaiti tələb edən daşınmaz əmlakın kadastrına, qeydiyyatına dair işlər müvəffəqiyyətli həllini tapacaqdır. Bütün bunlar isə ölkədə əmlak münasibətlərinin sivil inkişafına, daşınmaz əmlakın kadastrı və qeydiyyatı sisteminin müasirləşdirilməsinə və nəhayət, əmlakın elmi əsaslarla idarə edilməsinə zəmin yaradacaqdır.   

           

 

                       

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DƏQKİS Lahiyəsi

  1. Layihənin adı:

Dünya Bankının “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində vahid avtomatlaşdırılmış “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi”nin yaradılması layihəsi həyata keçirilmişdir. Layihənin icrasına 14 mart 2012-ci il tarixində başlanılmış və 30 sentyabr 2015-ci il tarixində yekunlaşdırılmışdır.

  1. Layihənin məqdəsi:

                “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi” (DƏQKİS) yaradılmasında  əsas məqsəd daşınmaz əmlak bazarlarını və dövlətə məxsus daşınmaz əmlakın idarəedilməsi və istifadəsi üçün əhəmiyyətli sistemləri dəstəkləyən etibarlı, şəffaf və səmərəli avtomatlaşdırılmış daşınmaz əmlakın qeydiyyat sistemini yaratmaqdır. Eyni zamanda hazırlanmış informasiya sistemi Azərbaycan Respublikasının ərazisində mülkiyyət növündən asılı olmayaraq, daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrı, həmçinin daşınmaz dövlət əmlakının idarə edilməsi, o cümlədən icarəyə verilməsi, özəlləşdirilməsi, hərracların təşkili barədə məlumatların vahid məlumat bazasında toplanılmasını və idarə edilməsini, onların mühafizəsini təmin edəcəkdir.

  1. Sistemin fəaliyyət prinsipi:

Sistemin fəaliyyətində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı ilə bağlı daşınmaz əmlakın dövlət reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, daşınmaz dövlət əmlakının idarə edilməsi, o cümlədən icarəyə verilməsi, özəlləşdirilməsi, hərracların təşkili ilə bağlı proseslər “bir pəncərə” prinsipini tətbiq etməklə həyata keçirilir.

 

  1. Sistemin arxitekturası:

DƏQKİS ümumilikdə 18 moduldan və 70-dən çox binzess prosesdən ibarət olmaqla ƏMDK-nin bütün biznes proseslərini özündə cəmləşdirən bir sistemdir.

DƏQKİS-in modullarının çalışma prinsipləri:

☞            Daşınmaz əmlaka dair hüquqların qeydiyyatı modulu vasitəsilə DƏQKİS-ə daşınmaz əmlakın dövlət reyestrinin II və III fəsilləri barədə məlumatlar, o cümlədən, hüquqların dövlət qeydiyyatı ilə bağlı, eyni zamanda daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılması və yüklülüyü, hüquqların ləğvi ilə bağlı məlumatlar, sənədlər daxil edilir.

☞            Daşınmaz əmlakın vahid dövlət kadastrı modulu vasitəsilə DƏQKİS-ə daşınmaz əmlakın dövlət reyestrinin I fəsli barədə məlumatlar, o cümlədən, daşınmaz əmlaklar barədə texniki göstəricilər, coğrafi (məkan) məlumatlar, plan-sxemlər daxil edilir.

☞            Dövlətə məxsus daşınmaz əmlakın uçotu modulu vasitəsilə dövlət təsisatı, dövlət təsisatının balansında olan daşınmaz dövlət əmlakı, dövlət təsisatının balansında olmayan və istifadə etdiyi qeyri-yaşayış sahəsi, binalar (tikililər) haqda məlumatlar DƏQKİS-ə daxil edilir.

☞            Daşınmaz dövlət əmlakının icarəyə verilməsi modulu vasitəsilə daşınmaz dövlət əmlakının (torpaq sahələri) icarəyə verilməsi, icarə müqaviləsinin uzadılması, xitam verilməsi barədə məlumatlar DƏQKİS-ə daxil edilir.

☞            Daşınmaz dövlət əmlakının özəlləşdirilməsi modulu vasitəsilə kiçik dövlət müəssisə və obyektlərinin, yarımçıq tikililərin, istifadəsiz qeyri yaşayış sahələrinin hərraca çıxarılması, icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi, dövlət müəssisələri bazasında səhmdar cəmiyyətlərinin yaradılması, səhmdar cəmiyyətlərinin hərraclara çıxarılması barədə məlumatlar DƏQKİS-ə daxil edilir;

☞            Dövlət əmlakının idarə edilməsi və istifadəsinə nəzarət modulu vasitəsilə dövlət təsisatlarında yeni qurumun yaradılması, hüquqi formasının dəyişdirilməsi, monitorinqlərin təşkili və keçirilməsi, dövlət payı olan səhmdar cəmiyyətlərdə ümumi yığıncaqların (birinci və növbəti) təşkili, səhmdar cəmiyyətlər üzrə əsas vəsaitlərin inventarlaşdırılması, dövlət təsisatlarının İllik Xüsusi Hesabat formalarına dair məlumatlar DƏQKİS-ə daxil edilir; 

☞            Sağlamlaşdırma, restrukturizasiya və dəstəkləmə modulu vasitəsilə dövlət müəssisələrinin sağlamlaşdırılması və estruktruzasiyası ilə bağlı məlumatlar DƏQKİS-ə daxil edilir;

☞            Hüquqi məsələlər modulu vasitəsilə hüquqi ekspertizalar, özəlləşdirilmiş və icarə verilmiş dövlət əmlakları ilə bağlı keçirilən məhkəmə prosesləri, dövlət əmlakının özəlləşdirilməsi ilə müqavilələr barədə məlumatlar DƏQKİS-ə daxil edilir;

☞            Hərracların təşkili modulu vasitəsilə hərraca çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin, yarımçıq tikililərin, istifadəsiz qeyri-yaşayış sahələrinin, səhmdar cəmiyyətlərinin səhmlərinin əmək kollektivinə güzəştli, pullu və ixtisaslaşdırılmış pul hərrəclarında satışına, müsadirə edilmiş əmlakın, nəqliyyat vasitələrinin hərraclarda satışı barədə məlumatlar DƏQKİS-ə daxil edilir;

☞            İnvestisiya müsabiqələri modulu vasitəsilə dövlət müəssisələrinin və səhmdar cəmiyyətlərinin səhmlərinn investisiya müsabiqəsi vasitəsilə satışı, investisiya müsabiqələrinin nəticələri və müqaviə üzrə öhdəliklərin yeriənə yetirilməsi vəziyyəti barədə məlumatlar DƏQKİS-ə daxil edilir ;

☞            Maliyyə modulu vasitəsilə dövlət əmlakının özəlləşdirilməsi, icarəyə verilməsi, səhmdar cəmiyyətlərinin səhm satışından daxil olan vəsaitlər DƏQKİS-ə daxil edilir və daxilolmaların uçotu aparılır;

☞            Audit və monitorinq modulu vasitəsilə DƏQKİS-də aparılan əməliyyatların tarixçəsi saxlanılır, müxtəlif əməliyyatlara nəzarət edilir, DƏQKİS-in performansı və işləkliyinin monitorinqi aparılır.

☞            Elektron xidmətlər modulunda vətəndaşlara, hüquqi və fiziki şəxslərə göstərilən xidmətlər öz əksini tapır. Bu modul vasitəsilə müxtəlif informativ və interaktiv xidmətlər göstərilir, müvafiq məlumatlar DƏQKİS-ə daxil edilir.

☞            Sorğu, təhlil, hesabat modulu vasitəsilə DƏQKİS-in məlumat bazasında toplanmış müxtəlif məlumatlardan mərkəzləşdirilmiş qaydada hesabatlar alınır, sorğular və axtarışlar həyata keçirilir.

☞            Kargüzarlıq və kadr modulu vasitəsilə Əmlak Məsələləri Dövlət Komitəsinin struktur bölmələri, strukturuna daxil və tabeli qurumlarındakı sənəd dövriyyəsi aparılır və kadr məlumatlarının toplanması və emalı həyata keçirilir.  

☞            Mərkəzi serverlər kompleksi, idarəetmə və mühafizə modulu vasitəsilə DƏQKİS-in avtomatlaşmış işçi yerlərindən daxil edilən informasiyaların qəbulu, emalı, saxlanması, mühafizəsi təmin edilir.

  

  1. Məlumatların miqrasiyası

Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi çərçivəsində daşınmaz əmlak obyektləri haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi işləri nəticəsində Bakı, Gəncə və Şəki şəhərləri üzrə hazırlanmış mükəmməl rəqəmsal kadastr bazası DƏQKİS-ə miqrasiya edilmişdir. Eyni zamanda Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq informasiya sistemlərində toplanmış mətn və kadastr məlumatları, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən hazırlanmış 53 rayon mərkəzinin sadə kadastr məlumatları DƏQKİS-ə miqrasiya edilmişdir.

 

  1. DƏQKİS-in tətbiqi

Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi Sistemi 2016-cı ilin may ayından etibarən Əmlak Məsələləri Dövlət Komitəsinin struktur bölmələri, strukturuna daxil və tabeli qurumlarının istifadəsinə verilmişdir. Hal-hazırda DƏQKİS-in 12 modulu real rejimdə işləməkdədir. Digər 6 modulu isə test rejimdə çalışmaqdadır və mərhələlər üzrə bu modullarda 2016-cı ilin avqust ayının sonuna kimi real rejimə keçiriləcəkdir.