Tarixi

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi haqqında

MƏLUMAT



Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli Fərmanı ilə yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu i tarixli Fərmanı ilə isə Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə” təsdiq edilmişdir. 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmana əsasən komitənin Əsasnaməsinə dəyişikliklər edilmiş, eləcə də komitənin strukturu və tabeliyində olan qurumların siyahısı təsdiq edilmişdir.
Əmlak Məsələləri Dövlət Komitəsinin strukturuna komitənin Mərkəzi Aparatı, Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi, eləcə də komitənin ərazi şöbələri daxildir. Komitənin tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi, komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri, İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi və Təlim-Tədris Mərkəzi fəaliyyət göstərir.
Əmlak Məsələləri Dövlət Komitəsi təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Komitənin fəaliyyət istiqamətləri əsasən, dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, bu sahəyə investisiyaların cəlb olunması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın vahid dövlət kadastrının aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etməkdən ibarətdir. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsi qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının ərazisində və xarici ölkələrdə yerləşən dövlət əmlakını idarə etmək və onun barəsində sərəncam vermək, dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq məqsədilə zəruri tədbirlər görmək səlahiyyətlərinə, eləcə də dövlət əmlakının, o cümlədən dövlət mənzil fondunun və torpaqlarının özəlləşdirilməsini həyata keçirmək vəzifəsinə malikdir. Bununla yanaşı,
komitə dövlət əmlakının və onun barəsində bağlanmış əqdlərin qeydiyyatını aparır, dövlət əmlakının inventarlaşdırılmasını təşkil edir, özəlləşdirməyə açıq elan edilmiş dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin edir, habelə özəlləşdiriləcək dövlət müəssisələrinin dövlətsizləşdirməyə hazırlanması və sağlamlaşdırılması sahəsində tədbirlər həyata keçirir.
Eyni zamanda, komitə özəlləşdirilmiş müəssisələrin inkişafına dəstək verir və onların fəaliyyətinin stimullaşdırılması sahəsində müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir, dövlət müəssisələri özəlləşdirildikdən sonra onların yeni mülkiyyətçiləri tərəfindən həmin müəssisələrə investisiya qoyuluşu üzərində nəzarəti təmin edir.
Əmlak Məsələləri Dövlət Komitəsi təsdiq edilmiş Əsasnaməsinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrini tərtib edir və aparır, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirir, daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin edir, daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərinin aparılmasını və müvafiq texniki sənədlərin tərtib edilməsini, qanunvericiliyə uyğun olaraq torpaq sahələrinin planının və ölçüsünün çəkilməsini təmin edir, həmçinin daşınmaz əmlakın, o cümlədən tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin fərdi yaşayış və bağ evlərinin, habelə müəssisələrin qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsini təşkil edir.
Komitə daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının və onun tərkib hissəsi olan torpaq reyestrinin tərtib edilməsini və aparılmasını həyata keçirir. Ünvan reyestrinin aparılmasını həyata keçirir, daşınmaz əmlak obyektlərinə ünvan verilməsini təmin edir, daşınmaz əmlakın, o cümlədən torpaqların, tikililərin, binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış və bağ evlərinin, habelə müəssisələrin qiymətləndirilməsini təşkil edir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu işlərinə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini həyata keçirir, torpaqların münbitliyinin təmin olunmasına (münbitliyin bərpasına və artırılmasına nəzarət istisna olmaqla) dövlət nəzarətinin həyata keçirilməsində iştirak edir. Torpaq bazarının təşkili istiqamətində tədbirlər görür, torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli məqsədilə yerquruluşu işlərini təşkil edir və həyata keçirir.