Əmlak Məsələləri Dövlət Komitəsi Beynəlxalq Qadınlar günü münasibətilə xanımları təbrik edib

Azərbaycan qadını bu gün milli dövlət quruculuğu proseslərinin, ictimai-siyasi hadisələrin fəal iştirakçısı olaraq respublikamızın sosial-iqtisadi, elmi-intellektual potensialının artırılmasına əvəzsiz töhfələr verir. Son illər ölkəmizin müstəqil dövlət kimi inkişaf edərək dünya ölkələri arasında özünəlayiq yer tutması, tanınması istiqamətində də qadınlarımızın gördüyü işlər danılmazdır və təqdirəlayiqdir. Qadınların bütün sahələrdə geniş təmsil olunmaları dövlət səviyyəsində onlara göstərilən ehtiramın və diqqətin bariz nümunəsidir.

Xanımlara göstərilən belə diqqət və qayğının nümanəsi olaraq Əmlak Məsələləri Dövlət Komitəsi də öz fəaliyyət sahəsinə uyğun olaraq xanımları təbrik edib. Komitə xanımların gündəlik iş fəaliyyətlərində kifayət qədər məşğul olduqlarını nəzərə alaraq, onlara bayramqabağı daha bir töhfə verib. Belə ki, 7 mart 2017-ci il tarixində komitənin əməkdaşları Bakıxanovda yerləşən çay fabrikinin qadın işçi heyətinə birbaşa iş yerlərində hazır çıxarışları təqdim edib.  Bu isə əmlak sahibi olan xanımların mülkiyyət hüquqlarının qorunmasına şərait yaradır. Kampaniya xanımlara vaxtlarına maksimum qənaət etməklə, daha rahat və optimal yolla əmlaklarını qeydiyyatdan keçirməyə imkan yaradır.

Beynəlxalq qadınlar günü münasibətilə keçirilən kampaniya çərçivəsində fabrikin 30-a yaxın xanım əməkdaşına əmlaklarına dair hazır çıxarışlar verilib. 20-ə yaxın fabrik işçisi xanım isə ilkin mərhələdə çıxarışla əvəz olunması üçün lazımi sənədləri komitə əməkdaşlarına təqdim ediblər. Komitənin hüquqşünasları kampaniya çərvivəsində xanım işçilərin qeydiyyat prosesi və sənədlərlə bağlı suallarını cavablayıb, sənədlərin necə əldə edilməsi, hansı qurumlara müraciət edilməsi ilə bağlı istiqamət veriblər. Fabrikin kollektivində çalışan qadınlar sənədləşdirmənin sürətli və rahat şəkildə aparılması, xidmətlərin birbaşa iş yerlərinə çatdırılmasından razılıqlarını ifadə ediblər.

Komitənin həyata keçirdiyi sosialyönümlü mahiyyət daşıyan belə tədbirlər əhalinin qeydiyyat xidmətlərinə olan marağını artırır, müxtəlif təbəqədən olan vətəndaşların xidmətlərdən faydalanmasını rahatlaşdırır. İstənilən vətəndaş daşınmaz əmlakla bağlı rəsmi əməliyyat aparmazdan qabaq bir ünvana – birbaşa Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinə müraciət edib təmənnasız olaraq hüquqi yardım ala bilirlər.

Ümumiyyətlə komitə tərəfindən həyata keçirilən belə sosial və innovativ layihələrin əsas məqsəd və obyekti birbaşa vətəndaşların operativ qaydada, heç bir ünvana getmədən sənədləşdirmə imkanlarından istifadə etməsini təmin etməkdir. Daşınmaz əmlakın sənədləşdirmə prosesini qat-qat sadələşdirən kütləvi çıxarış kampaniyası, mobil ofis xidmətləri vətəndaşları vaxt itirmədən, gündəlik fəaliyyətlərindən ayırmadan, iş yerlərini tərk etmədən əmlaklarına dair hazır çıxarışla təmin edir. Komitənin mobil ofis xidmətləri gündəlik olaraq respublikanın müxtəlif ərazilərinə gedərək fərqli növlərdə qeydiyyat xidmətləri göstərir. Bu kampaniyanın davamlı olaraq birbaşa iş yerlərində, ünvanlarda həyata keçirilməsi daşınmaz əmlakın qeydiyyatı sahəsində sosial məmnunluğun artması və vətəndaşların sosial durumunun daha da yaxşılaşdırılmasına xidmət edir. Tətbiq edilən innovativ və sosial tədbirlər son nəticədə şəffaflıq və məmnunluq səviyyəsinin yüksəlməsini təmin edir.

Komitə tərəfindən bu istiqamətdə həyata keçirilən növbəti innovativ addım daşınmaz əmlakın qeydiyyatı sahəsində çıxarışların və daşınmaz əmlakla bağlı arxivlərin elektron müstəviyə keçirilməsidir. Belə ki, gələcəkdə vətəndaş öz arzusuna görə çıxarışını elektron və ya kağız formada əldə edə biləcəkdir. Əmlak sahibi çıxarışını almaq üçün müvafiq idarəyə gəlmədən, Elektron Hökumət Portalında yaradılacaq şəxsi kabinetindən elektron formada əldə edə biləcəkdir. Bu isə əhalinin əmlaklarının qeydiyyatını daha da sadələşdirməklə bu sahədə operativlik və şəffaflığı artırır.

Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnuniyyətinin təmin edilməsi, xidmətlərdən istifadə zamanı rahatlıq səviyyəsinin maksimumlaşdırılması, xidmətlərin operativ və birbaşa ünvanlarda əhaliyə çatdırılması üzrə mütəmadi olaraq belə sosial tədbirlər həyata keçirir. Həyata keçirilən bu tədbirlərin əsas məqsədi daşınmaz əmlak habelə daşınmaz əmlakın qeydiyyatı sahəsində dinamik inkişafın davamlığını təmin etməkdir.