Bu il 3 respublika tabeli şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işi yekunlaşacaqdır

Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminin yaradılması işinə başlayıb və qısa zamanda bu sahədə öz fəaliyyətini genişləndirib. Artıq 12 rayonda - Şəki, Cəlilabad, Salyan, Göygöl, Zaqatala, Oğuz, Balakən, Ağsu, Xızı, Beyləqan, Siyəzən və Abşeron rayonlarında elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə bələdiyyə xəritələrinin hazırlanmasına başlanılmışdır. Bakı, Sumqayıt, Gəncə şəhərlərinin torpaqları və onlar üzərindəki daşınmaz əmlaklar barəsində elektron kadastr məlumat bazası yaradılıb, bu şəhərlərin rəqəmsal kadastr xəritələri tərtib edilib. Hazırda ümumi ərazisi 130 min hektar olan 53 rayon mərkəzi, ona bitişik şəhər və qəsəbələr üzrə elektron kadastr məlumat bazasının yaradılması, ərazinin rəqəmsal kadastr xəritəsinin tərtibi işləri davam edir. 2017-ci ildə bütövlükdə 3 respublika tabeli  şəhərdə və 14 kənd rayonunda torpaqların elektron uçota alınması işi yekunlaşacaqdır. 14 kənd rayonunda kadastr işlərinə 1 milyon hektara yaxın ərazi, 700 minə yaxın torpaq parseli cəlb ediləcəkdir. 2020-ci ilədək isə ölkə ərazisinin bütün torpaqlarında kəmiyyət göstəricilərinə görə uçot işinin yekunlaşdırılması nəzərdə tutulur.

Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar “Samur-Abşeron suvarma sistemlərinin yenidən qurulması” layihələri çərçivəsində Xızı, Siyəzən, Şabran rayonlarında yeni suvarılacaq və su təminatı yaxşılaşdırılacaq  ərazilərin kadastr xəritələri də hazırlanıb. 

Kənd təsərrüfatı istehsalatının ərazi üzrə düzgün planlaşdırılması, eroziya, sürüşmələr kimi proseslərin düzgün qiymətləndirilməsi, habelə torpaqların mənfi təsirlərdən qorunması məqsədilə ölkə ərazisinin intensiv istifadə olunan torpaqları üçün relyef xəritələri də hazırlanmışdır. Məlumat üçün bildirilməlidir ki, ölkənin 4 milyon hektardan çox ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması və relyef xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bu materiallara əsasən ölkənin 51 rayonunun müxtəlif qradasiyalı meyllik xəritələri tərtib edilib və onların 3D formatda relyef xəritələri qurulub.

Torpaqların Elektron Uçotu İnformasiya Sistemində rəqəmsal torpaq sahələrinin həndəsi ölçüləri, sərhədləri, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəricilərində baş verən dəyişikliklər düzgün müəyyənləşdirilərək əks olunur. Elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritələrinin yaradılması torpaqların elmi əsaslarla səmərəli istifadəsinə imkan verəcək. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul ediləcək. Müasir bələdiyyə xəritələrinin hazırlanmasına nail olunacaq. Layihə çərçivəsində elektron kadastr informasiya sisteminin yaradılması torpaqların sənədlərdəki kadastr göstəriciləri ilə faktiki istifadə vəziyyətinə dair göstəricilər arasındakı  uyğunsuzluqları aradan qaldıracaq və çoxsaylı torpaq mübahisələrinə son qoyacaq.  Hər bir torpaq sahəsi və onun üzərindəki  daşınmaz əmlaklar barəsində dəqiq məlumatların əldə edilməsi sonradan onların qeydiyyatı prosesini sadələşdirəcək, bununla da vətəndaş məmnunluğu təmin ediləcək. Sistem eyni zamanda bu sahədə əhaliyə göstərilən xidmət səviyyəsinin, habelə şəffaflığın və operativliyin daha da artırılmasına səbəb olacaq.

Əmlak Məsələləri Dövlət Komitəsi ilə “Azərkosmos” ASC ilə imzalanmış memorandum çərçivəsində isə torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur.

Xatırladaq ki, Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən 2016-cı il 7 mart tarixli fərmanı ilə təsdiq edilmişdir.