Əmlak Məsələləri Dövlət Komitəsinin mobil torpaq laboratoriyaları Sabirabad rayonunda fermerlərə xidmət göstərib

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev tərəfindən torpaqların keyfiyyətinin müəyyənləşdirilməsi, münbitliyin öyrənilməsi, məhsuldarlığın artırılması, torpaqlardan səmərəli istifadənin təmin edilməsi istiqamətində bir sıra tapşırıqlar verilir. Belə tapşırıqlara uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi də fəaliyyətini genişləndirib. Komitə  respublika ərazisində irimiqyaslı çöl-torpaq tədqiqatı işlərinin aparılması və torpaq analizlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi istiqamətindəki işlərini davam etdirir. Bu işlər Komitənin nəznində fəaliyyət göstərən stasionar və mobil torpaq və bitki laboratoriyaları vasitəsilə həyata keçirilir. Belə ki, Mobil laboratoriyalar birbaşa kəndilinin, fermerin, əkin biçin işi ilə məşğul olunan sahələrində xidmət göstərməklə operativ qaydada torpaqların tədqiqatını aparır və analizlərin nəticələrinə əsasən fermerlərə aqro-kimyəvi tədbirlərin görülməsi ilə bağlı məsləhət  xidmətləri göstərilir.

Bu dəfə mobil laboratoriyalar 8 may tarixində Sabirabadda xidmət göstərib. Rayonunun əkin sahələrində, o cümlədən pambıq tarlalarında torpaqların münbitlik, keyfiyyət  göstəricilərini müəyyən edilib. Mobil laboratoriyalar vasitəsilə əkin sahələrinin yararlıq dərəcələri, analizlər nəticəsində torpağın “qida rasionu” müəyyənləşdirilib. Torpaqların ən vacib göstəriciləri, onların morfoloji xüsusiyyətləri yəni nəmliyi ümumi humusu, karbonatlığı, quru qalığı, udulmuş əsasları, nəmliyi, temperaturu və s. təyin olunub. Aparılan təhlillər əsasında torpağa hansı mineral və ya üzvü gübrələrdən hansı həcmdə verilməsi müəyyənləşib. Kəndlilər aparılan torpaq analizlərinin nəticələrinə əsasən yaxşı məhsul almaq üçün lazımi, o cümlədən  aqrokimyəvi  tədbirlər barədə operativ olaraq, elə həmin gün məlumat alıblar. Mobil laboratoriya xidməti bir başa olaraq kəndlinin əkin biçin yerlərində göstərilməklə rahatlığı, səmərəliliyi, operativliyi təmin edir. Bununla fermerlər vaxtlarını qənaət etmiş olmaqla zamanını düzgün planlaşdıra bilirlər. Eyni zamanada bu, fermerlərin torpaqlardan səmərəli istifadə etməsinə, məhsuldarlığın xeyli artmasına imkan verəcək. Qeyd edilməlidir ki, Komitə tərəfindən tətbiq olunan innovativ layihələrin əsas məqsədi vətəndaş məmnunluğunun artırılmasına yönəlir. Mobil laboratoriyaların istifadəyə verilməsi də bu amala xidmət edir. Mobil laboratoriyalar müasir tələblərə cavab verən, mütərəqqi texnologiyalarla təchiz edilib. Laboratoriya ilə fermerlər əkin sahələrinin yararlı olub olmamasını, hansı növ bitkilərin əkilməsinin daha optimal olduğunu  əvvəlcədən öyrənə bilirlər. Xidmət istənilən ucqar kənd yerlərində fəaliyyət göstərən fermerlərə belə göstərilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaqların keyfiyyətinin öyrənilməsi məqsədilə mobil laboratoriyalarla yanaşı, Bakıda da stasionar laboratoriya  da fəaliyyət göstərir. Mobil laboratoriyalardan fərqli olaraq stasionar laboratoriya dövlət sifarişi əsasında iri miqyaslı çöl-torpaq tədqiqatı işlərinin yerinə yetirilməsini təmin edir.

2017-ci ildə 14 rayonda-Agcabədi, Şabran, İmişli, Qəbələ, Kürdəmir  Şəmkir, Samux, Zərdab, Masallı  və digər bölgələrin 657 min hektardan çox ərazisində irimiqyaslı çöl torpaq tədqiqatı işləri aparılacaqdır. Çöl torpaq tədqiqatı və laboratoriya analizlərinin nəticələrinə əsaslanaraq bu rayonların torpaq, şorlaşma və eroziya xəritələri hazırlanacaqdır. Eyni zamanda həmin ərazilərin torpaqlarının bonitirovkası və iqtisadi qiymətləndirilməsi işləri paralel olaraq aparılacaqdır. Bununla yanaşı cari ildə respublikanın müvafiq  regionlarının 810 min hektara yaxın ərazisində, yay və qış otlaqlarında irimiqyaslı çöl geobotaniki tədqiqat işləri tam yerinə yetiriləcəkdir. 2020-ci ilədək Azərbaycanda torpaqların keyfiyyət göstəricilərinə görə uçotunun aparılması nəzərdə tutulubdur.

Torpaqları haqqında daha əsaslı məlumat almaq istəyən kənd təsərrüfatı sahəsində çalışan vətəndaşlar Komitəyə müraciət edərək torpaqların keyfiyyəti, onların problemləri və bu problemlərin aradan qaldırılması üçün zəruri tədbirlər barədə tövsiyyələrdən yararlana bilərlər.