Özəlləşdirmə prosesində daha bir yenilik - “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” istifadəyə verilir

Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi sahəsində yeni dövr başlanır. Bundan sonra ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn qatılıb  dövlət əmlakının özəlləşdirilməsində iştirak edə biləcəklər. Bu Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidməti sayəsində mümkün olub.

Bununla bağlı Komitə tərəfindən 11 may tarixində media, qeyri hökumət və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən ictimai təşkilatların iştirakı ilə təqdimat keçirilib.

Tədbirdə çıxış edən komitənin sədr müavini Rafiq Cəlilov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və  idarə edilməsinin səmərəliliyinin artırılması istiqamətində, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi  və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir.

Qeyd edilib ki, Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirmə prosesinin sürətləndirilməsi, iqtisadiyyata investisiya cəlb edilməsi, özəlləşdirmə prosedurlarının elektron üsullarla reallaşdırılması istiqamətində işlərini davam etdirir. Dövlət əmlakının özəlləşdirilməsinin şəffaf və açıq şəraitdə, ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunmaqla həyata keçirilməsi ilə bağlı fəaliyyətini təkmilləşdirir. Komitə dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində daima innovativ yeniliklər tətbiq edir.

Bildirilib ki, “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” ın  təqdimatına həsr olunmuş bu tədbir də belə yeniliklərin davamıdır. Qeyd edilib ki, yeni xidmət işə düşdükdən sonra dövlət əmlakını almaq istəyən şəxslərin özəlləşdirmə hərracında iştirak etmək üçün hərrac mərkəzlərinə gəlməsinə ehtiyac qalmayacaq. İş adamları və adi vətəndaşlar evdən və ofisdən çıxmadan internet vasitəsilə hərraclara qatılıb əmlak sahibi olacaqlar. Elektron hərracların tətbiqi nəinki Azərbaycanda, hətta dünyanın istənilən nöqtəsindən investorlara hərraclara qatılmağa imkan verəcək.

Vurğulanıb ki, elektron hərracın yaradılmasında məqsəd özəlləşdirilmənin həyata keçirilməsi üçün təşkil olunan hərraclarda şəffafflığının təmin olunması, hərracların keçirilmə üsullarının sadələşdirilməsi, prosesə daha optimal yanaşmaların tətbiqidir. Həmçinin bu sahədə operativliyin təmin olunması, vətəndaş məmur münasibətlərinin minumuma endirilməsi, zaman və məkan məhfumunun aradan qaldırılması, investorların özələşdirilməyə cəlb olunması ilə bağlı geniş imkanların yaradılması da əsas vəzifələrdəndir. Qeyd edilib ki, bu elektron xitmətin tətbiqi nəticədə özəlləşdirmə prosesi avtomatlaşdırılır, hər bir şəxs istənilən yerdən hərraca qoşulur. Bununla da sərmayəçilər, biznes qrumları daha çevik usullarla özəlləşdirilmədə iştirak edə bilir. Prosesin elektron müstəviyyə keçməsi öləkədə investor kütləsinin artmasına, sağlam iqtisadi mühitin formalaşmasına imkan verir. Onlayn hərracın ən vacib üstünlüyü isə müasir texnologiyalardan istifadə etməklə, vətəndaşın vaxt və maliyyə itkilərinin qarşısını almaqdır.

Tədbirdə elektron hərracda iştirak etmək qaydaları ilə bağlı da məlumat verilib. Bildirib ki, elektron hərraca qatılmaq prosesi rasionallığı və funksianallığı ilə seçilir. İstənilən vətəndaş, iş adamı elektron imzadan istifadə edərək Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytından (e-emdk.gov) və ya Elektron Hökumət Portalından (e-gov.az ) qeydiyyatdan keçmək üçün istifadə edə bilər. Qeydiyyatdan keçmiş hər bir sifarişçi hərrac günü onlayn qaydada aktiv hərraca qatılmaq imkanı qazanır. Hərraclarda iştirak etmək üçün sifariş vermək də elektron qaydada həyata keçirilir.

Qeydiyyatdan keçmiş sifarişçinin hərracda iştirakla bağlı seçim imkanı olur. Beləki, onlar həm hərrac günü göstərilən vaxt prosesin keçirildiyi yerə gələ bilər, həm də hərrac keçirildiyi zaman Komitənin portalında müvafiq bölməyə daxil olaraq hərracda onlayn iştirak edə bilər.

Tədbirdə “Dövlətə məxsus nəqliyyat vasitələrinin və avadanlıqların özəlləşdirilməsi ilə bağlı elektron hərrac” xidmətinin istifadə qaydaları, üstünlükləri və faydaları barədə təqdimat olub və bu proses əyani nümayiş etdirilib. Qeyd edilib ki, yeni funksiya özəlləşdirmə prosesinin operativliyini artırıraraq bu sahənin innovativ üsullarla daha da inkişaf etməsinə şərait yaradacaq.  Elektron hərracda iştirak etmək istəyən şəxs Əmlak Məsələləri Dövlət komitəsinin rəsmi saytına (e-emdk.gov)  və ya Elektron Hökumət Portalına (e-gov.az ) daxil olaraq “Nəqliyyat vasitələrinin və  avadanlıqların elektron hərracda satışı” bölməsini seçir.

Hərracda iştirak qaydaları ilə tanış olduqdan sonra davam etmək üçün “Razıyam” düyməsini seçərək qaydaları qəbul etmiş olur. İstifadəçi elan olunmuş hərracda əvvəlcədən sifariş verdiyi əmlakı seçib onlayn hərraca qatılır. Qeyd edilməlidir ki, hərracda iştirak etmək üçün sifarişlər də elektron qaydada qəbul edilir.

Hərrac başladıqdan sonra ilk beş dəqiqə ərzində heç bir iştirakçı tərəfindən təklif verilməsə, əlavə olunan bir dəqiqə ərzində bu vəziyyət yenədə təkrar olarsa hərrac  dayandırılır, baş tutmamış sayılır. Hərrac rəqabətli keçdikdə isə iştirakçılar əmlakın ilkin satış qiymətindən əlavə təkliflər edirlər. Hər yeni təklif isə ilkin satış qiymətinin 1 faizindən az olmamalıdır. Ekranda bu barədə qırmızı şriftlə olan yazı iştirakçını xəbərdar edir. Hərracda ən yüksək qiymət təklif etmiş iştirakçı qalib elan edilir. Ekranda hərracın tarixi, əmlakın satılması barədə məlumat, satış qiyməti və qalib alıcının nömrəsi qeyd olunur.

Qanunvericiliyə uyğun olaraq hərracın canlı və ya virtual iştirak etmiş qalibi 30 bank günü müddətində ödənilməli olan pul vəsaitini satıcının müəyyən etdiyi hesaba köçürür. Alıcı göstərilən müddətdə həmin məbləği ödəmədiyi halda onun tərəfindən verilən beh geri qaytarılmır, tam məbləğdə dövlət büdcəsinə köçürülür, əmlak isə satıcının sərəncamında qalır.

Qeyd edilməlidir ki, “Elektron Hərrac” da ilkin mərhələdə nəqliyyat vasitələri və avadanlıqların özəlləşdirilməsi mümkündür. Digər əmlakların da “Elektron Hərrac” vasitəsilə özəlləşdirilməsi də yaxın gələcəkdə reallaşacaq. Bu istiqamətdə artıq müvafiq proqramlaşdırma işləri də həyata keçirilir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fəaliyyət istiqamətləri üzrə tətbiq edilən innovasiyaların başlıca məqsədi vətəndaşlara və biznes subyektlərinə göstərilən ictimai xidmətlərdə şəffaflığın daha da artırılması, optimallığın və əlçatanlığın maksimum təmin edilməsi və bununla da əhalinin məmnunluğunun təmin edilməsidir.