Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən geniş tədbirlər keçirilir

 

Məlumat verildiyi kimi, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən geniş tədbirlər keçirilir.Belə ki, Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli, 2679 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə bağlı Tədbirlər Planı” çərçivəsində Əmlak Məsələləri Dövlət Komitəsi, digər dövlət orqanlarının nümayəndələrinin, alimlər, qeyri-hökumət, ictimai, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı 2013-cü il may ayının 3-də “Heydər Əliyev və Azərbaycanda mülkiyyət islahatları” mövzusunda elmi-praktiki konfrans təşkil ediləcəkdir.

 

Konfransın keçirilməsində əsas məqsəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycan dövlətçiliyi tarixində milli ənənələrə söykənən iqtisadiyyatın yaradılması, ölkənin iqtisadi potensialının artırılması, azad sahibkarlar və mülkiyyətçilər təbəqəsinin formalaşmasında müstəsna rolu olan geniş miqyaslı mülkiyyət islahatlarının və dövlət əmlakının özəlləşdirilməsinin həyata keçirilməsi istiqamətində atılan tarixi addımlar, qəbul edilən qərarlar, ardıcıl və səmərəli tədbirlərin sosial-iqtisadi aspektlərinin və onların nəticələrinin bir daha ictimaiyyətə çatdırılmasıdır.

Konfransda ümummilli lideri Heydər Əliyevin ölkə iqtisadiyyatının tənəzzülündən çıxarılması, uğurlu iqtisadi islahatların həyata keçirilməsi, onun bilavasitə təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən özəlləşdirmə siyasəti, müasir dövrdə bələdiyyə, dövlət  və xüsusi mülkiyyət növlərinin qarşılıqlı fəaliyyəti, əmlak münasibətlərinin inkişafı, daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi və əmlak hüquqlarının səmərəli təminatı sahəsində qəbul edilən qərarlar, hüquqi və institusional mexanizmlər, həyata keçirilən islahatlar  və onların nəticələrinə dair məruzə və çıxışlar dinləniləcək, geniş müzakirələr aparılacaqdır.

Elmi-praktiki konfransda dövlət qurumlarının, elmi tədqiqat idarələrinin, tədris müəssislərinin, vətəndaş cəmiyyətinin nümayəndələrinin, iqtisadçı alimlərin iştirakı, göstərilən  mövzu ilə bağlı elmi məruzələr və təqdimatların keçirilməsi nəzərdə tutulur. Konfransın mövzusuna aid qısa filmin hazırlanması və nümayişi planlaşdırılır.  Elmi-praktiki konfransın materiallarından ibarət xüsusi nəşr hazırlanacaqdır.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş Tədbirlər Planına əsasən yubiley tədbirləri çərçivəsində “Heydər Əliyev və Azərbaycanda yeni mülkiyyət münasibətlərinin formalaşdırılması” mövzusunda dəyirmi masanın təşkili, “Heydər Əliyev: müasir əmlak idarəçiliyi və əmlak hüquqlarının səmərəli təminatı” mövzusunda seminarın keçirilməsi nəzərdə tutulur. Eyni zamanda xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda mülkiyyət islahatlarının həyata keçirilməsindəki rolu və bu islahatların nəticələri barədə televiziya verilişlərinin təşkili, habelə bir sıra kütləvi informasiya vasitələrində geniş məqalələrin dərc edilməsi nəzərdə tutulur.

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?