Vətəndaşlar daşınmaz əmlaklarını əvvəlcədən qeydiyyata aldıra bilər – “Qabaqcadan qeydiyyat mexanizminin üstünlükləri və faydaları” ilə bağlı tədbir keçirilib

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən iyunun 30-da “Daşınmaz əmlakın qabaqcadan qeydiyyatının üstünlükləri və faydaları” adlı ictimai təqdimat keçirilib. Tədbirdə Komitənin nümayəndələri, ictimai təşkilatlar, iri inşaat şirkətləri, rieltorlar, media nümayəndələri iştirak ediblər. Məqsəd isə qanunvericiliyə uyğun olaraq daşınmaz əmlakın  qabaqcadan qeydiyyatının geniş istifadəsinin təmin olunması, onun faydaları, üstünlükləri barədə vətəndaşların, tikinti şirkətlərinin, ictimaiyyətin məlumatlandırılması və onların maarifləndirilməsidir.

Tədbiri giriş sözü ilə açan Əmlak Məsələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Hikmət Mustafayev bildirib ki, son illər ölkəmizdə həyata keçirilən uğurlu, genişmiqyaslı islahatlar və mövcud qanunvericiliyin təkmilləşdirilməsi iqtisadiyyatın digər sahələri ilə yanaşı, daşınmaz əmlak bazarının və inşaat sektorunun da inkişafına təkan verib. Bu inkişafın göstəricilərindən biri də respublika ərazisində tikinti işlərinin, o cümlədən çoxmənzilli binaların inşasının geniş vüsət almasıdır.

 Bildirilib ki, Əmlak Məsələlər Dövlət Komitəsi tərəfindən daşınmaz əmlak idarəçilyi, daşınmaz əmlakın qeydiyyatı sahəsində müasir çağrışlara əsaslanan yeni mexanizmlər tətbiq olunur. Bu sahənin təkmilləşdirilməsi ilə bağlı hər tərəfli işlər görülür. Bunlardan biri daşınmaz əmlakın qeydiyyatının səmərəsinin və əhaliyə verdiyi faydanın artırılması məqsədilə tətbiq olunan qabaqcadan qeydiyyat mexanizmidir.

Tədbir çərçivəsində daşınmaz əmlak bazarının, tikinti sektorunun daha da canlanmasını təmin edəcək qabaqcadan qeydiyyat mexanizminin üstünlüklərindən və faydalarından danışılıb. Bildirilib ki, qabaqcadan qeydiyyat - əmlakın tikintisinin hələ başa çatmadığı halda, müvafiq sənədlər əsasında həmin tiklinin qeydiyyata alınmasıdır. Qeyd edilib ki, daşınmaz əmlakı qabaqcadan qeydə aldırmanın bir sıra üstünlükləri var. Beləki, qabaqcadan qeydiyyat bir mənzilin bir neçə şəxsə satılmasının qarşısının alınması üçün vacib mexanizmdir. Eyni zamanda qabaqcadan qeydiyyat bir sıra iqtisadi və hüquqi əməliyyatların həyata keçirilməsini təmin edir. Bundan sonra tikintisi başa çatmamış daşınmaz əmlakla bağlı ipoteka, bağışlanma, girov qoyma kimi prosesləri  yerinə yetirmək mümkündür. Həmçinin mexanizm alınan mənzilin sahəsinin çox göstərilməsi kimi halların qarşısını alır. Satılan mənzilin və ya obyektin həcminin, sahəsinin qanunvericiliklə müəyyən edilmiş qaydada dəqiq hesablamasına imkan verir. Eyni zamanda qabaqcadan qeydiyyat vətəndaşın aldığı mənzilə görə ödədiyi məbləğin rəsmi hesablanmasını təmin edir, bu sahədə vergidən yayınma hallarını aradan qaldırılır. Bundan başqa mexanizmin tətbiqi vətəndaşlara ipoteka ilə mənzil sahibi olmaq imkanı yaradır.

 Qeyd edilib ki, Möhtərəm Prezident İlham Əliyevin ipoteka kreditlərinin verilməsi şərtlərinə dəyişiklik edilməsi ilə bağlı 4 aprel 2017 ci il tarixində imzaladığı Fərman, daşınmaz əmlakın qabaqcadan qeydiyyatının artmasına imkan verəcək. Beləki, dəyişikliyə əsasən ipoteka krediti ilə təkcə qeydiyyatdan keçirilmiş evləri deyil, qabaqcadan qeydiyyata alınmış mənzilləri də almaq mükmün olacaq. Bu isə vətəndaşlarda, Mənzil Tikinti şirkətlərində  qabaqcadan qeydiyyat mexanizminə marağı artıracaq.

Bildirilib ki, qabaqcadan qeydiyyatın aparılmasında məqsəd mənzillər üzərində fiziki və hüquqi şəxslərin hüquqlarının qabaqcadan qeydiyyata alınması yolu ilə onların mülkiyyət hüquqlarının qorunmasını, əldə etdikləri və ya inşa etdikləri əmlakdan səmərəli istifadə etməsini, onlara maneəsiz sahiblik etməsini təmin etməkdir. Bundan başqa alqı-satqı zamanı baş verə biləcək qanunpozuntularının aradan qaldırılması, bazarda leqal əmlakların sayının artırılması, vətəndaşların gələcəkdə daha operativ şəkildə çıxarışla təmin olunması da mexanizmin əsas vəzifələrindəndir.   

Daha sonra Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi “Qabaqcadan qeydiyyatın üstünlükləri və təbliğatı” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, qabaqcadan qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən istənilən növ daşınmaz əmlakın tikintisinin yekunlaşmadığı halda həmin tiklinin qeydiyyata alınmasını mümkün edir. Mexanizm vasitəsilə bütün kateqoriyaya aid edilən əmlaklar qabaqcadan qeydiyyata alına bilər.

Qeyd edilib ki, mülkiyyət hüququnun adi qaydada qeydiyyatından fərqli olaraq, qabaqcadan qeydiyyat daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışla deyil, arayışla rəsmilləşdirilir. Vətəndaş tikintisinə icazə sənədlərini, plan cizgini və tələb olunan digər sənədləri təqdim etməklə əmlakının qabaqcadan qeydiyyatını apara bilərlər. Eyni zamanda tikinti şirkətləri də binanın inşası zamanı tikilən hər mənzili əvvəlcədən qeydiyyata aldıra bilərlər. Qabaqcadan qeydiyyatın məbləğinə gəlincə bildirilməlidir ki, vətəndaşın ödəyəcəyi məbləğ əmlakın sahəsinə, yerləşdiyi mövqeyə və digər parametrlərə görə dəyişir. 

Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi qabaqcadan qeydiyyatla bağlı  ictimaiyyət arasında təbliğat və maarifləndirmənin aparılması istiqamətində işlərini davam etdirəcək, qabaqcadan qeydiyyata həsr olunan mövzulara geniş yer verəcək.