Dövlət əmlakına sahib olmaq istəyənlər üçün daha bir imkan: Yeni hərracın tarixi açıqlanıb

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 avqust 2017-ci il tarixində keçiriləcək yeni hərraca 20 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 64 istifadəsiz qeyri-yaşayış sahəsi və 13 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 120 əmlak çıxarılıb. Aşağıdakı linkdən istifadə etməklə hərraca çıxarılan əmlakların siyahısı ilə tanış olmaq olar:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2218

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Qazax, İmişli, Göyçay, Yevlax və digər bölgələrdə yerləşir. Özəlləşdirilməyə çıxarılan bir çox əmlakların torpaq sahəsi və üzərindəki tikili ayrı-ayrılıqda qiymətləndirilib. Hərracda ən yüksək qiymətə, yəni 150 min manata təklif olunan əmlak paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Yüksək start qiyməti təyin olunan digər əmlak isə Gəncə şəhərində yerləşən “Xronika kinoteatrıdır. Əmlakın özəlləşdirilən torpaq sahəsi 978.7 kv.m-dir. Belə ki, bu əmlak torpaq sahəsi ilə birlikdə 116 min 250 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Şəmkir rayonunda yerləşən və torpaq sahəsi 3269.3 kv.m. olan Şəmkir yun qəbulu məntəqəsi isə 49 min 500 manata təklif olunur.

Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Goranboy Sənaye İnşaat”, “Azinterservis”, “Şamaxı Dəmir Beton”, “Kürdəmir Kəndkimya Təchizat”, “Sumqaylt Kimya Tikinti”, “Tərtər Konserv” kimi səhmdar cəmiyyətlər var.

Hərraca çıxarılan 13 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Nissan Altima, Hyundai Sonata, Chanqan SC-6391FA, QAZ-13 kimi markalı avtomobillər hərraca çıxarılıb. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Qeyd edək ki, komitə tərəfindən istifadəyə verilən “Elektron hərrac” xidməti hal hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir. İstənilən vətəndaş bu xidmətdən istifadə etməklə online olaraq hərracda iştirak edə bilər. Nəqliyyat vasitələrinin siyahısına baxmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:

http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2219

Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Qeyd edək ki, hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin Özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır.  

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.