Əmlak Məsələləri Dövlət Komitəsinin keçirdiyi açıq və şəffaf hərraclar davam edir

Hüquqi və fiziki şəxslərin, investorların, vətəndaşların daha operativ, optimal şəkildə əmlak sahibi olmaları üçün keçirilən açıq və şəffaf hərraclar davam edir. Bu hərraclara qoşulan hər bir sərmayəçi biznes layihələrinə uyğun olaraq özəlləşdirilməyə çıxarılan müxtəlif çeşidli əmlak üzrə seçim imkanı qazanır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə bir hərrac 29 avqust tarixində keçirilib. Hərracda özəlləşdirilən əmlaklardan 1-i kiçik dövlət müəssisəsi, 10-u istifadəsiz qeyri-yaşayış sahəsi, 1-i isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlakların hamısı Bakıda yerləşir. 

Paytaxtda özəlləşdirilən kiçik dövlət müəssisəsi Suraxanı rayonunda yerləşən 55 saylı hamam olub. Adı çəkilən əmlak torpaq sahəsi ilə birlikdə özəlləşdirilib. Həmin obyektin ümumi faydalı sahəsi 550 kv.m-ə yaxın, torpaq sahəsi isə 1656 kv.m təşkil edir.

Özəlləşdirilən qeyri-yaşayış sahələrindən 5-i Yasamalda, 2-i Xətaidə digərləri isə müvafiq olaraq Nəsimi, Nizami və Suraxanıda yerləşir. 

Bu dəfəki hərracda rəqabətli şəkildə keçib. Belə ki, paytaxtın Yasamal rayonunda yerləşən ümumi faydalı sahəsi 25,2 kv.m olan qeyri yaşayış sahəsinin ilkin start qiyməti 6 min manat olsa da ən son 12 min manat təklif edilib. Bundan başqa eyni tendensiya Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsinin hərracında da müşahidə olunub. Belə ki, sahəsi 16,6 kv.m əmlakın ilkin start qiyməti 2 min 500 manat olsa da ən son təklif 4 min 600 manatadək yüksəlib.

Hərracda qeyri-yaşayış sahələri içərisində ən yüksək qiymətə özəlləşdirilən əmlak paytaxtın Yasamal rayonunda yerləşən əmlak olub. Həmin əmlakın ümumi faydalı sahəsi 20 kv.m təşkil edir. Ən ucuz qiymətə özəlləşdirilən əmlak isə paytaxtın Suraxanı rayonunda yerləşən qeyri-yaşayış sahəsi olub. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 17 kv.m dir. Budəfəki hərrac da  özəlləşdirilən belə əmlakların  ümumi faydalı sahəsi 10,7  kv.m ilə 70 kv.m arasında dəyişib.

Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərracda özəlləşdirilib. Bunlardan biri Bakının Xətai rayonunda yerləşən sahəsi 11 kv.m-ə yaxın olan qeyri yaşayış obyektidir.

Özəlləşdirilən nəqliyyat vasitəsi isə Kamaz markalı avtomobildir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün aşağıdakı linkdən istifadə etmək kifayətdir:

http://www.emdk.gov.az/index.php/az/m%C3%BCsabiq%C9%99-v%C9%99-h%C9%99rraclar/n%C9%99tic%C9%99l%C9%99r

Qeyd edilməlidir ki, Dövlət başçısı tərəfindən təsdiq edilmiş «Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında» Fərmanı da bu istiqamətdə görülən işlərin sferasının genişlənməsinə, dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın və məlumatlandırmanın təmin edilməsinə, həmçinin müvafiq prosedurların elektron üsulla gerçəkləşməsinə  istiqamətlənib.

Hərracların açıq, şəffaf keçirilməsi və bu sahədə elektron üsulların tətbiqi özəlləşdirmə prosesinin sürətlənməsi, iqtisadiyyata investisiyalar cəlb edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Beləki, hərracların açıq və şəffaf keçirilməsi, iştirak etmək prosedurunun olduqca rahat olması, əmlak sahibi olmaq istəyən iş adamları, sadə vətəndaşlar, investorlar üçün geniş şərait yaradır. İstənilən şəxs, vətəndaş, sərmayəçilər, QHT, media nümayəndələri prosesin gedişatını canlı  izləmək imkanına malikdir. Hərracların ictimai nəzarət və səmərəlilik prinsiplərinin təmin olunmaqla təşkil edilməsi prosesin şəffaflığını artırır. Yaradılan bu imkan hərracda iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Belə ki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir.

Özəlləşdirilən müəssisələrə investorlar tərəfindən sərmayə yatırılaraq onların fəaliyyəti genişləndirilir. Özəlləşdirilən əmlaklar sonradan sahibləri üçün qazanc mənbəyinə çevrilə bilir. Bu isə qeyri-neft sektorunun inkişafına, investisiya mühitinin sağlamlaşdırılmasına, ölkəyə gələn valyutanın həcminin  artmasına gətirib çıxarır. Eyni zamanda özəlləşdirilən əmlakların paytaxtla yanaşı regionlarda yerləşməsidə bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradır.

Hazırda sadə prosedura əsasən hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. Hərracların elanı, gedişatı və nəticələri barədə komitənin saytı, Özəlləşdirmə portalı, eləcə də facebook sosial şəbəkəsindəki rəsmi səhifə və “Privatization.az” səhifəsi vasitəsilə əhaliyə mütəmadi məlumatlar verilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.