Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şirvan şəhərində 3 rayonun vətəndaşlarının müraciətlərini dinləyib

Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən regionlarda vətəndaşların qəbulu prosesi davam etdirilir. Növbəti belə qəbul 27 oktyabr tarixində Əmlak Məsələləri Dövlət Komitəsi sədri Kərəm Həsənov tərəfindən Şirvan şəhərində keçirilib. Qəbulda Şirvan şəhəri ilə yanaşı Hacıqabul, Sabirabad rayonlarından olan vətəndaşların müraciətlərinə də baxılıb.

Qəbulda müxtəlif sosial təbəqədən və yaş həddindən olan vətəndaşlar iştirak edərək komitə sədrinə müraciətlərini bildiriblər. Komitə sədri qəbula gələn hərbir vətəndaşı diqqətlə dinləyib, səsləndirilən bir sıra müraciətlərin dərhal həlli üçün göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı mövcud qanunvericiliyin tələbləri çatdırılıb. Araşdırılması zəruri olan müraciətlər isə qeydiyyata alınıb. Komitənin səlahiyyətinə aid olmayan müraciətlərin isə aidiyyəti üzrə çatıdırılacağı vətəndaşlara bildirilib. Qəbul günü birbaşa müraciət edən vətəndaşlar da komitə sədri tərəfindən ayrı-ayrılıqda qəbul edilərək müraciətləri üzrə mövcud qanunvericiliyin tələbləri və zəruri prosedurlar izah olunub.

Müraciətlərin sırasında mülkiyyət hüquqlarının tənzimlənməsi, daşınmaz əmlakın, o cümlədən fərdi yaşayış evlərinin, həyətyanı torpaq sahələrinin dövlət qeydiyyatına köməklik göstərilməsi barədə müraciətlər olub. Dövlət əmlakının özəlləşdirilməsi və icarəsi barədə də müraciətlər səsləndirilib. Eyni zamanda, bir neçə vətəndaş pay torpaqlarına, kənd təsərrüfatı təyinatlı torpaqlara çıxarış alınması ilə bağlı müraciətlərini bildirib. Bir sıra müraciət isə vaxtilə vətəndaşlara ayrılmış torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi ilə bağlı olub. Digərləri torpaq sahələrinin təyinatı üzrə istifadəsi məsələlərinə aid olub.

Komitə sədri vətəndaşlarla görüş zamanı vurğulayıb ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaşlara diqqət və qayğının göstərilməsi, iş prinsipinin təkmilləşdirilməsi, xidmət prosesinin aktivliyi, elektron xidmətlərin sayının çoxaldılması əsas prioritet məsələlərdən biridir. Komitə, vətəndaşların müraciətlərinin vaxtında baxılmasına, tez bir zamanda həll edilməsinə xüsusi diqqət göstərir. Bu amala xidmət edən Komitə daşınmaz əmlakın qeydiyyatı sahəsində vətəndaş məmnunluğuna yönələn daha bir fərqliliyə imza atıb. Belə ki, Komitənin yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin ərazi idarələri yeni iş rejiminə keçib. Artıq qeydiyyat ərazi ofisləri bazar ertəsi də vətəndaşlara operativ olaraq xidmət göstərməyə başlayıb.

Eyni zamanda, qeydiyyat sahəsində vətəndaş məmnunluğunun artırılması, rahat, çevik və əlçatan xidmətlərin təqdim olunması istiqamətində zəruri işlərin həyata keçirildiyi vətəndaşların diqqətinə çatdırılıb. Bunlar qeydiyyat və torpaq idarəçiliyində “bir pəncərə” prinsipinin tətbiqi, elektron və onlayn xidmətlər, “Kütləvi çıxarış” kampaniyası və mobil ofis xidmətləridir. Bu səbəbdəndir ki, əhalinin qeydiyyata olan marağı da ilbəil yüksəlir.

Qəbul prosesində vətəndaşlara, kəndlilərin və fermerlərin bilavasitə olduqları ərazidə xidmət göstərən mobil torpaq laboratoriyalarının iş prinsipi, faydalılığı barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, mobil torpaq laboratoriyaları vasitəsilə kəndlilər, əkin işi ilə məşğul olan vətəndaşlar torpaqların keyfiyyət göstəricilərini əvvəlcədən müəyyən edə bilər. Kəndlilər aparılan torpaq analizlərinin nəticələrinə əsasən yaxşı məhsul almaq üçün lazımi, o cümlədən aqrokimyəvi tədbirlər barədə operativ olaraq məlumat alırlar. Mobil laboratoriyaları birbaşa kəndilinin, fermerin, əkin biçin işi ilə məşğul olunan sahələrində xidmət göstərir, operativ qaydada torpaqların tədqiqatını aparır. Eyni zamanda səyyar laboratoriyalar vasitəsilə hüquqi və fiziki şəxslərin fərdi müraciətləri əsasında bağlanmış müqavilələr üzrə torpaq tədqiqatı işləri aparılıb.

Respublikada aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açan sədr Kərəm Həsənov qeyd edib ki, komitə tərəfindən torpaq sahələrinin kateqoriyasının və təyinatının kənd təsərrüfatı məqsədləri üçün dəyişdirilməsi ilə bağlı tədbirlər görülmüşdür. Ölkə ərazisində “Aqropark”ların yaradılması məqsədi ilə torpaqların təyinatının dəyişdirilməsi istiqamətində geniş tədbirlər görülür. Qəbul zamanı vurğulanıb ki, komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda mütəmadi olaraq monitorinqlər və reydlər həyata keçirilir.

Sədr komitənin struktur və qurum rəhbərlərinə vətəndaş müraciətlərinə həssas yanaşılması, qanunvericiliyə əsasən cavablandırılması, vətəndaşlara göstərilən xidmətlərdə operativlik və şəffaflığın təmin olunması barədə tapşırıqlarını verib.

Qeyd edək ki, qəbulun keçirilməsi barədə vətəndaşların ətraflı məlumatlandırılması üçün kütləvi informasiya vasitələrində, o cümlədən komitənin rəsmi informasiya resursu olan emdk.gov.az saytı və sosial şəbəkələrdəki səhifələr vasitəsilə qabaqcadan məlumat verilib. Bu internet resursları vasitəsilə vətəndaşların qəbul üçün elektron müraciətlərinin onlayn qeydiyyata alınması məqsədilə texniki imkanlar yaradılıb.

Qəbulda iştirak edən vətəndaşlar qəbuldan razı qaldıqlarını bildirib, təşəkkürlərini ifadə ediblər.