Özəlləşdirmə portalına 1 milyondan artıq baxış olub

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ötən ilin avqust ayında istifadəyə verilən Özəlləşdirmə portalının fəaliyyəti öz müsbət nəticəsini verməkdədir. Yarandığı vaxtdan portala 1 milyondan artıq baxış olub. Təkcə bu il ərzində isə portala 665 minə yaxın ziyarətçi daxil olub. Statistik göstəricilərdən maraqlı məqam ondan ibarətdir ki, portalın gün və ay ərzində istifadəçi sayı çoxluq təşkil edir. Belə ki, portala bir ayda 86 minə yaxın, gün ərzində isə 3 mindən çox investor və vətəndaş baxışı olub. Bildirilməlidir ki, portala daxil olanların 67,8%-i mobil telefonla, 32,2%- i isə kompüter vasitəsilə ziyarət edib.

Bu onu göstərir ki, ölkəmizdə investorların əmlak sahibi olmaq imkanları digər illərlə müqayisədə daha da artır. Alınan əmlakın biznes obyektinə çevrilməsi üçünsə şərait genişləndirilir. Təbii ki, bu göstəricilərin yüksək olmasının əsas səbəbi özəlləşdirmənin sürətlənməsi istiqamətində görülən innovativ tədbirlərdir. Özəlləşmə prosesini həyata keçirən qurum olaraq Əmlak Məsələləri Dövlət Komitəsi isə bu prosesdə aktivliyin, şəffaflığın, çevikliyin təmin edilməsi, müvafiq prosedurların elektron üsullarla gerçəkləşdirilməsi üzrə mütəmadi olaraq işlər reallaşdırır. Belə tədbirlər isə müasir prinsip və metodlara əsaslanır. Yeni yanaşmalar tətbiq edilməklə həyata keçirilən özəlləşdirmə prosesi artıq öz nəticəsini verməkdədir. Belə ki, prosesə investor marağı artır, dövlət müəssisələri iri sərmayəçilər tərəfindən özəlləşdirilir.

Vətəndaşların iştirakında məhdudiyyətin və maneənin olmaması hərraca marağın artmasına gətirib çıxarıb. İnsanların marağını cəlb edən faktorlar bununla bitmir. Belə ki, özəlləşdirmə portalının xüsusi və rahat dizayna malik olması da portala daxil olanların sayını artıran səbəblərdəndir.

Məqsəd ölkədə özəlləşdirmə sahəsində həyata keçirilən işlərin işıqlandırılması, bu sahədə əlçatanlığın və operativliyin təmin edilməsi, əmlaklara  investorların cəlb olunmasıdır.

Ziyarətçilər investisiya müsabiqəsi bölməsinə daxil olmaqla sənaye, aqrar, inşaat, səhiyyə, telekommunikasiya, nəqliyyat və digər sahələr haqqında məlumat ala bilərlər. Məlumatda hər bir sahəyə uyğun əmlaklar, onların adı, müəssisənin fəaliyyət sahəsi, onun imkanları, rəqibləri qeyd olunub. Bu isə investor üçün bazarı öyrənmək, yaxşı gəlir əldə etmək baxımından əlverişli şərait yaradır. Eyni zamanda investorlar  Azərbaycana sərmayə yatırmaq üçün mühüm imkanlara malik olduğunu “Niyə Azərbaycan” bölməsinə daxil olmaqla öyrənə bilərlər.  

Ölkə vətəndaşları ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, Almaniya, Gürcüstan, Polşadan portalı izləyənlərin sayı kifayət qədərdir. Əcnəbi investorların portala marağının artması isə Azərbaycanda investisiya mühitinin daha da sağlaşmasına, xarici bazarlara çıxış imkanlarının artmasına, ixrac potensialımızın yüksəlməsinə şərait yaradır. Eyni zamanda bu ölkəmizdə yeni iqtisadi sahələrin formalaşmasına  gətirib çıxarır.

Xüsusilə qeyd edilməlidir ki, belə hərraclar təkcə paytaxtla kifayətlənmir. Respublikanın müxtəlif şəhər və rayonlarında da müxtəlif növ dövlət əmlakları özəlləşdirilir. Qeyd etmək lazımdır ki, prosesin gedişatını onlayn izləmək olur. Özəlləşdirilən əmlaklar biznes və gəlir  məqsədləri üçün istifadə edilir. Özəlləşdirilən əmlaklar  bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaratmaqla, həmin bölgənin əhalisinin yaşayış səviyyəsinə müsbət təsir edən amillərdəndir.

Ziyarətçilər portaldan istifadə edərkən özəlləşdirməyə açıq elan edilən müəssisələr haqqında ətraflı məlumat əldə edə bilir. Belə ki, hərraca çıxarılan müəssisənin adı, ünvanı, nizamnamə kapitalı, ilkin start qiyməti kimi informasiyalar portalda əks olunub. Prosesdə isə səhmdar cəmiyyəti, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi kimi əmlaklar özəlləşdirilir. Hərraca çıxarılan əmlaklar haqqında məlumat “Hərraclar” bölməsində yerləşdirilir. Proses yekunlaşdıqdan sonra nəticələr portalın Nəticələr” bölməsində əks olunur. Qeyd edilməlidir ki, statistikaya görə portalda ən çox izlənən bölmə “Hərraclar” olub. Hərraclar bölməsində isə kiçik dövlət müəssisəsi və obyektlər adlı keçid üstünlük təşkil edib.

Bundan başqa ziyarətçilər keçiriləcək hərraclar haqqında məlumatları “Son xəbərlər” bölməsindən əldə edə bilərlər. Hərracların video yazıları portalın “şəkillər və video çarxlar” bölməsində yerləşdirilir. Eyni zamanda prosesin görüntülərinə baxmaq istəyən şəxsin həmin bölməyə daxil olması  kifayətdir.

Portalda onlayn məsləhət pəncərəsi də fəaliyyət göstərir. Vətəndaşlar tərəfindən müvafiq bölməyə daxil olan suallar isə operativ olaraq  onlayn cavablandırılır.  “Onlayn məsləhət pəncərəsi” vasitəsilə hərracların vaxtı, çıxarılan əmlaklar, nəticələr və.s barədə suallar cavablandırılır. İstifadəçilər isə ən çox “Hərracı onlayn necə izləmək olar?”, “Elektron olaraq hərraclarda necə iştirak edə bilərəm?”, “Hərraclarda qalib olmadığım halda behi geri ala bilərəmmi?” tipli suallar ünvanlayır. Ziyarətçilər həftə içi 5 gün saat 09:00-dan 18:00-a qədər nahar fasiləsi və bayram günləri istisna olmaqla portal vasitəsilə onlayn məsləhət ala bilər. Qeyri-iş günlərində ünvanlanan suallar isə növbəti iş günündə cavablandırılır.

Xatırladaq ki, hərraclar barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.