Çin iş adamları üçün Azərbaycandakı mövcud özəlləşdirmə layihələrinə dair təqdimat həyata keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, yeni bazarlara çıxışın təmin edilməsi ilə bağlı reallaşdırılan tədbirlər çərçivəsində 6 fevral 2018-ci il tarixində Pekində Azərbaycan-Çin biznes forumu keçirilib. Tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Çinin Kommersiya Nazirliyi və Beynəlxalq Ticarətin Təşviqi üzrə Çin Şurasının birgə təşkilatçılığı ilə baş tutub. Biznes-forumda sənaye, tikinti, nəqliyyat, logistika, investisiya, kimya, tekstil və digər sahələrdə fəaliyyət göstərən iş adamları da iştirak edib.

Forum çərçivəsində ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən islahatların tərkib hissəsi olan özəlləşdirilmə prosesindən də bəhs edilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Fərmana əsasən özəlləşmə prosesində innovasiyalar, yeni yanaşmalar, müasir idarəetmə üsulları tətbiq edilir.

 Xarici investorların özəlləşdirilmə prosesinə cəlb olunması üçün yeni layihələr reallaşdırılır. Bir çox sahələrin modernləşdirilməsi və müasir idarəetmə standartlarının, o cümlədən dövlət-özəl tərəfdaşlığının qurulması istiqamətində danışıqlar aparılır. Çinin, Fransanın, İngiltərənin, Hollandiyanın, Rusiyanın, Türkiyənin və digər ölkələrin xarici investorları özəlləşmə prosesində iştirak edirlər.  

Beynəlxalq investisiya fondlarına, müxtəlif profilli şirkət və assosiasiyalara tanıtım müraciətlərinin, təqdimatların ünvanlanması da özəlləşdirilmə prosesinin sürətləndirilməsinə imkan verir. Qabaqcıl dünya standartlarına uyğun özəlləşmə prosesinin həyata keçirilməsi məqsədilə uğurlu beynəlxalq təcrübə nəzərdən keçirilir.

Özəlləşdirmə prosesində maksimum operativliyi təmin edən və böyük investor kütləsini bu prosesə cəlb edən hərraclar barəsində də məlumat verilib. Vurğulanıb ki, istənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər. Hərrac vasitəsilə özəlləşdirməyə açıq edilən dövlət əmlakına investisiya cəlb olunur, onların fəaliyyəti bərpa edilir.

Bildirilib ki, əmlaklara  investorların cəlb edilməsi, yatırılan sərmayənin həcminin artırılması, özəlləşdirmə sahəsində həyata keçirilən işlərin işıqlandırılması, bu sahədə şəffaflığın və çevikliyin təmin edilməsi məqsədilə “Özəlləşdirmə portalı” fəaliyyət göstərir. Hərraca çıxarılan müəssisənin adı, ünvanı, nizamnamə kapitalı, ilkin start qiyməti kimi informasiyalar portalda əks olunub. Həmçinin müəssisələrin foto şəkilləri, əsas istehsal sahələri və onların qısa xarakteristikası, o cümlədən investisiya qoyuluşunda üstün cəhətlər, müəssisənin imkanları, bazarda mövcud olan rəqiblər və onların xüsusi çəkisi haqqında ətraflı məlumatlar yerləşdirilib. Prosesdə isə səhmdar cəmiyyəti, kiçik dövlət müəssisəsi, qeyri-yaşayış sahəsi və nəqliyyat vasitəsi kimi əmlaklar özəlləşdirilir.

Azərbaycanda özəlləşdirməyə açıq olan sahələr, xarici investorların bu prosesdə iştirak imkanları, eləcə də böyük investisiya layihələrinə dair təqdimat həyata keçirilmişdir. Təqdimatda özəlləşmə prosesində unikal layihə olan Elektron hərrac barəsində məlumat verilib. Qeyd edilib ki, Sistemin köməyi ilə istənilən şəxs, ölkə daxilində və ya xaricində olmasından asılı olmayaraq istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir. Bununla da özəlləşdirmə prosesində zaman və məkan məhdudiyyəti tamamilə aradan qalxır.

Daha sonra özəlləşməyə çıxarılan səhiyyə, turizm, dağ mədən və digər sahələrə aid olan müəssisələr barəsində məlumat verilib. Belə müəssisələrdən biri 270 milyon tondan artıq dəmir filizi ehtiyatlarına malik olan “Daşkəsən Filizsaflaşdırma” Açıq Səhmdar Cəmiyyətidir. Müəssisənin özəlləşdirilməsi prosesinə strateji investorların cəlb olunması məqsədi ilə polad istehsalı üzrə ixtisaslaşan 50-dən artıq xarici şirkətə ünvanlı dəvət məktubları göndərilmişdir. Müəssisənin özəlləşdirilməsinə yerli şirkətlərlə yanaşı, ABŞ, Avropa, BƏƏ, Hindistandan olan potensial investorlar və konsorsiumlar maraq göstərir.

 Sonda onları maraqlandıran suallar cavablandırılmış və ölkəmizdə özəlləşdirmə prosesində iştiraka dəvət olunmuşdurlar.

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?