Yeni hərraca hansı dövlət əmlakları çıxarılıb?

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 15-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək. Budəfəki hərraca 116 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisəsi, 50-si qeyri-yaşayış sahəsi, 10-u isə nəqliyyat vasitəsidir.

Əmlakların siyahısı ilə daha yaxından tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir: http://www.privatization.az/index.php/az/component/content/article?id=4001

Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Zaqatala Fındıq”, “Anar”, “Xəzər Avtonəqliyyat”, “Lənkəran Mebel”, “Salyan Kəndkimya” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşməyə çıxarılan əmlaklardan 19-u xidmət, 6-sı kənd təsərrüfatı, 5-i iaşə, 5-i sənaye, 3-ü təmir sahələrinə aiddir.

Hərraca çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərdən biri son dövrlər sürətlə inkişaf edən Balakən rayonunda yerləşir. Atatürk prospekti 2 ünvanında olan Əmlak kompleksi xidmət sahəsində sahibi üçün qazanc gətirə bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 11 min kv.m-dən çox, torpaq sahəsi isə 40 min kv.m-ə yaxındır. Ərazisinin geniş olması, eləcə də əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi obyektin iqtisadi gəlirliyini artıran amillərdəndir.

Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Qazax ərazi yun tədarükü və qəbulu idarəsi də belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 562 kv.m, torpaq sahəsi isə 17 min kv.m-ə yaxındır. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də iqtisadi potensialı artıran səbəblərdəndir.

Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektə Daşkəsəndə yerləşən Yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxın, torpaq sahəsi isə 41 min kv.m-dir. Adı çəkilən obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir. Torpaq sahəsinin də kifayət qədər geniş olması həyata keçiriləcək fəaliyyətin effektivliyini artıracaq.

Budəfəki hərracda sərfəli qiymətə - 1 500 manata da əmlak tapmaq olar. Gəncə şəhərində yerləşən, ümumi faydalı sahəsi 47 kv.m, torpaq sahəsi 58,9 kv.m olan 32 saylı mağaza bu qiymətə özəlləşməyə çıxarılacaq. Cəmi 150 manat beh ödəməklə hərraca qoşulmaq mümkündür.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən 37-si paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 16 kv.m ilə 419 kv.m arasında dəyişir. Bununla investorlar hərracda öz imkanlarına və biznes planlarına uyğun olaraq istənilən ölçüdə əmlak tapa bilərlər.

Nəqliyyat vasitələrinin isə markalıları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 800 manatla 22 min 500 manat arasında dəyişir. 80 manat beh ödəməklə QAZ-31029 markalı maşına sahib olmaq olar. Avtomobillərin əksəriyyəti Avropa istehsalı olan nəqliyyat vasitələridir. Buraxılış tarixləri isə 1994-2007-ci illəri əhatə edir.

Qeyd edilməlidir ki, belə müəssisələrin özəlləşdirilməsi bir neçə məqsədə nail olmağa imkan verəcək. İlk növbədə, başlıca hədəf dövlət büdcəsinin üzərinə düşən yükün və əlavə dövlət xərclərinin azaldılmasıdır. Digər tərəfdən, onların özəlləşdirilməyə açılması böyükhəcmli investisiyaların qoyulmasına zəmin yaradır. Sərmayə yatırımı bu müəssisələrin modern standartlara uyğun yenidən qurulması və müasir şərtlərlə daha keyfiyyətli xidmətlər göstərməsinə şərait yaradır. Regionlardakı müəssisələrin özəlləşdirilməsi də bölgələrin iqtisadi potensialını artırır.

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Qeyd edilməlidir ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclarda iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır.

 
 
 

Sorğu

"Kadastr kalkulyatoru" xidmətindən istifadə etmisinizmi?