Əmlak idarəçiliyindəki yeniliklər vətəndaş məmnunluğuna hədəflənib

Fəaliyyətdə başlıca prinsip vətəndaşlara yüksək səviyyədə xidmət etməkdir. Bu məqsədlə, əmlak idarəçiliyində tətbiq edilən yeniliklər vətəndaşların məmnunluğuna hədəflənib. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bu fikirləri növbəti vətəndaş qəbulunda səsləndirib.

Qeyd edilməlidir ki, komitə sədri may ayının 12-də vətəndaşların müraciətləri və təklifləri ilə yerindəcə tanış olmaq üçün Cəlilabad rayonu Heydər Əliyev Mərkəzində bölgə sakinlərini qəbul edib. Komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Cəlilabad rayonu ilə yanaşı Biləsuvar, Masallı, Yardımlı rayonlarından olan sakinlərin də müraciətləri dinlənilib.

Komitə sədri vətəndaşların diqqətinə çatdırıb ki, özəlləşdirmədə elektronlaşdırmanın geniş tətbiqi, qeydiyyatda vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması, torpaqların mükəmməl kadastr uçotunun formalaşdırılması və sistemli yanaşma prinsipləri əsas hədəflərdir.

Müraciətlər əsasən daşınmaz əmlakın qeydiyyatı, o cümlədən fərdi həyət evi, bələdiyyə tərəfindən müxtəlif məqsədlərlə ayrılmış torpaqlar, pay torpaqları, mənzillər, sovet dövründə kolxoz və ya sovxozlar tərəfindən verilmiş həyətyanı torpaq sahələrinin sənədləşməsi ilə əlaqədar olub. Həmçinin torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, vaxtı ilə verilmiş pay torpaqları ilə bağlı faktiki və sənəd uyğunsuzluqlarının aradan qaldırılması, o cümlədən torpaqların təyinatına uyğun istifadəsi, kateqoriyasının dəyişdirilməsi prosedurları istiqamətində də müraciətlər ünvanlanıb. Bəzi müraciətlər dövlət əmlakının özəlləşdirilməsi sahəsinə də aid olub

Qəbul zamanı vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir çoxu yerində həllini tapıb. Hər bir vətəndaş müraciətinə diqqətlə yanaşan komitə sədri Kərəm Həsənov müraciətlərin dəqiqliklə araşdırılması və qaldırılan məsələlərin həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib. Eyni zamanda, vətəndaşların müxtəlif təklifləri qeydə alınıb. Bir qisim müraciətlərin operativ araşdırılaraq müvafiq tədbirlərin görülməsi üçün nəzarətə götürülüb.

Komitənin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınıb və müvafiq qurumlara göndərilməsi təmin olunacaq.

Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə tapşırıqlarını verib. Bildirib ki, əhalinin müraciətləri operativ həll olunmalı, qeydiyyatla bağlı işlər daha da təkmilləşdirilməli, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır.

Regional vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.

   

 
 
 

Sorğu

Elektron çıxarış xidməti barədə məlumatlısınızmı?