Daha bir cəbhə bölgəsində kadastr uçotu işləri yekunlaşdı: bu vətəndaşa nə verəcək?

Daha bir cəbhə bölgəsinin torpaq istifadəçiliyində idarəetmə mexanizmi təkmilləşdi. Artıq Füzuli rayonun mülkiyyətçiləri torpaqların dəqiq sərhədlərini, keyfiyyətini müəyyən edəcək. Belə ki, elektron kadastr uçotu işlərinin verdiyi nəticələrdən dövlətlə yanaşı, vətəndaşlar da yararlanır. Başqa sözlə, Füzuli rayonun torpaqları üzrə bütün məlumatlar real şəraitdə, praktiki olaraq istifadə ediləcək. Bununla da torpaqların istifadəsində səmərəliliyin təmin olunması üçün görülən işlər daha da optimal və intensiv olacaq.

Bu fikirlər Torpaqların elektron kadastr uçotu işlərinin Füzuli rayonunda yekunu ilə bağlı keçirilən təqdimatda səsləndirilib. Tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib. Müəssisə, idarə, təşkilat və media nümayəndələrinin də maraq göstərdiyi ictimai təqdimatda bu layihənin nəticələri, praktiki əhəmiyyəti, torpaq idarəçiliyində rolu müzakirə olunub.   

Qeyd edilib ki, uçot işləri nəticəsində vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquqmüəyyənedici sənədlərdəki texniki göstəricilərlə həmin sahəyə dair faktiki kadastr göstəriciləri arasındakı uyğunsuzluqların aradan qaldırılır. Həmçinin vətəndaş əldə etdiyi məlumatlar nəticəsində torpaqları hansı kənd təsərrüfatı sahəsinə cəlb edilməsi ilə bağlı düzgün qərara qəbul edəcək, lazımi aqrotexniki və meliorativ tədbirlər görəcək.

Kadastr uçot işləri nəticəsində hazırlanan eroziya xəritələri sayəsində ərazilərin landşaftı məlum olacaq. Bununla mülkiyyətçilər torpaqların aşınma zonasında yerləşib yerləşmədiyini müəyyən edəcəklər, eroziyaya qarşı düzgün mübarizə tədbirlərini həyata keçirə biləcəklər. 

Görülən işlər nəticəsində rayonun sərhədləri daxilindəki dövlət, bələdiyyə, xüsusi mülkiyyətdə olan torpaqların həcmi dəqiqləşib. Belə ki, Füzuli rayonunun (işğal olunmayan) bələdiyyə hüdudları daxilində 30,3 min hektar torpaq sahəsinin mövcudluğu müəyyən olunub. Bəlli olub ki, bu ərazidən 16,7 min hektarı dövlət, 5,3 min hektarı bələdiyyə, 8,3 min hektarı xüsusi mülkiyyətdə olan torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 23,1 min hektara yaxını (76.2 %-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 19,4 min hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı aparılan zaman rayon üzrə əkin sahəsinin cəmi 17.3 min hektar olduğu halda, elektron uçotu nəticəsində müxtəlif uqodiyaların hesabına onun həcminin artaraq 19,4 min hektara çatdığı müəyyən edilib. Uçot işləri zamanı həmçinin müəyyən edilib ki, torpaq payı almış ailələrdən 15404 minə yaxının torpaq ölçüləri 1 hektaradəkdir. Bu da onu göstərir ki, torpaq sahələrinin konsolidasiyasına, birləşməsinə ehtiyac vardır. Həmçinin torpaqların uçotu zamanı kənd təsərrüfatına yararlı sahələrdə yerləşən özbaşına salınmış tikili və qurğular barədə də müfəssəl məlumatlar əldə edilib. Belə ki, həmin ərazilərdə 702 tikili və qurğuların (bundan 366-sı dövlət mülkiyyətində, 249-u bələdiyyə mülkiyyətində, 87-si xüsusi mülkiyyətdə) olduğu aşkar olunub.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?