Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Şəkidə vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikanın müxtəlif bölgələrində vətəndaşları qəbul edir, görüşlər keçirirlər. Belə qəbullar vasitəsilə dövlət orqanlarının rəhbərləri vətəndaşların müraciətlərinə yerindəcə baxıb onların operativ həlli üçün uyğun tapşırıqlarını və göstərişlərini verirlər.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 15 noyabr 2013-cü il tarixində Şəkidə növbəti vətəndaş qəbulu keçirilib. Qeyd edək ki, komitə sədri indiyədək respublikanın müxtəlif regionlarında vətəndaşlarla görüşmüş, onların müraciətlərini dinləmiş və onları maraqlandıran məsələlərlə yaxından tanış olmuşdur.

Bu dəfəki vətəndaş qəbulunda Şəki, Oğuz, Qəbələ və İsmayıllı rayonlarından olan vətəndaşlar iştirak edib. Komitə sədri vətəndaşların müraciətlərini nəzərdən keçirib, təkliflərini dinləyib. Səsləndirilən müraciətlər, əsasən, daşınmaz əmlaklara dair hüquqların dövlət qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi, habelə komitənin digər fəaliyyət istiqamətlərinə aid olan məsələlərlə bağlı olub.

Sədr müraciətlərdə qaldırılan bəzi məsələlərin tez bir zamanda həlli üçün uyğun göstərişlərini verib. Vətəndaşlara onların müraciətləri ilə bağlı qanunvericiliyin tələbləri çatdırılıb, bu məsələlərin həlli üçün zəruri addımların atılacağı bildirilib. Araşdırma tələb olunan müraciətlər isə qeydiyyata alınıb. Vətəndaşlara araşdırılacaq müraciətlərlə bağlı onlara məlumat veriləcəyi bildirilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən belə vətəndaş qəbullarının təşkili və vətəndaşların müraciətlərinin dinlənilməsi qarşıdakı dövrdə də davam etdiriləcəkdir.

 

 
 
 

Sorğu

Daşınmaz əmlak obyektinin müayinə edilməsi xidməti barədə məlumatlısınızmı?