İnvestorlar 29 yanvar hərracında hansı dövlət əmlaklarını özəlləşdirə bilər?

 

Dövlət əmlaklarının özəlləşdirməsi üzrə göstərilən əlçatan xidmətlər hərracda vətəndaşların rahat iştirakçılığını təmin edir. Geniş seçim imkanı, elektron formada sifariş və iştirak prosedurları dövlət əmlaklarının özəlləşdirilməsinə marağı artırır. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti belə hərraclardan biri 29 yanvar tarixində keçiriləcək. Bu dəfə hərraca ümumilikdə 60 dövlət əmlakı çıxarılıb. Onlardan 28-i kiçik dövlət müəssisə və obyekti, 12-si qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətidir.

Ümumi faydalı sahəsi 29,7 kv.m ilə 9297 kv.m arasında olan kiçik dövlət müəssisə və obyektlərinin çoxu torpaq sahəsi ilə birgə özəlləşməyə çıxarılıb. Bu dövlət obyektlərinə zavod, mağaza, yeməkxana, şadlıq evi və digər dövlət əmlakları aiddir. Astarada yerləşən kinoteatrın ümumi faydalı sahəsi 442,6 kv.m-dir. 2 min 500 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılması adıçəkilən dövlət müəssisəsinin iqtisadi potensialını artırır. Ucar şəhəri, H.Sultanov küçəsindəki tikiş fabriki də sərmayəçilər üçün maraqlı ola biləcək dövlət əmlaklarındandır. Həm müvafiq sahə üzrə, həm də digər biznes sahələri üzrə fabrikin fəaliyyəti sahibinə yüksək gəlir qazandıra bilər.

Özəlləşməyə çıxarılan qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 14,7 kv.m ilə 121,6 kv.m intervalındadır. Bu kateqoriyadan olan dövlət əmlaklarından 8-i Bakıda, 2-si Gəncədə, digərləri isə Samux və Sabirabadda yerləşir. Samuxdakı qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 62,3 kv.m-dir. Paytaxtın Səbail rayonu, Z.Əliyeva küçəsindəki obyektin isə ümumi faydalı sahəsi 14,7 kv.m-dir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyənlər bu növ dövlət əmlaklarını özəlləşdirməklə onlardan müxtəlif sahələr üzrə ofis və ya xidmət obyekti kimi istifadə edə bilər.

Səhmdar cəmiyyətləri təmir-tikinti, sənaye, kəndkimya, nəqliyyat, məişət və digər sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Ağcabədi Aqrotexservis”, “Yevlax Kəndkimya Təchizat”, “Şıxlar Broyler” kimi səhmdar cəmiyyətləri var. Bu dövlət əmlakları paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Hərraca çıxarılan səhm paketləri bu səhmdar cəmiyyətlərinin nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Dövlət əmlaklarının özəlləşdirilməsi prosesinə qoşulmaq üçün Özəlləşdirmə portalı (privatization.az) və komitənin rəsmi saytına (emdk.gov.az) daxil olmaq kifayətdir. Hərracda iştirak etmək istəyən şəxslər elektron formada qeydiyyatdan keçərək, ilkin qiymətin 10%-i həcmində behi ödəyib sifarişçiyə çevrilə bilər. Qeyd edək ki, təşkil olunan hərraclarda istənilən şəxs həm onlayn, həm də canlı formada  iştirak edə bilər.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.