Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirə keçirildi: yeni hədəflər açıqlandı

Əmlak Məsələləri Dövlət Komitəsində 2018-ci il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətdən, uğurlu iqtisadi islahatlardan danışan Komitə sədri Kərəm Həsənov bildirib ki, 2018-ci ildə dövlət idarəçiliyində müasir prinsiplərin tətbiqi, innovativ həllərin reallaşdırılması, elektron xidmətlərin inkişafı istiqamətdə mühüm tədbirlər həyata keçirilmiş və bu işlər müsbət dinamika ilə davam etdirilməkdədir.  Ölkə rəhbərinin müəyyən etdiyi sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fəaliyyət istiqamətlərində modern yanaşmaların tətbiqi, şəffaflığın artırılması, vətəndaş məmnunluğun yüksəldilməsi, xidmətlərin da geniş şəkildə elektron müstəviyə keçirilməsi ilə bağlı ötən il ərzində 7 əsas hədəf müəyyən edilmişdir.

Bu hədəflərin reallaşdırılması istiqamətində bir sıra tədbirlər görüldü.

Dövlət əmlakının idarə edilməsində beynəlxalq standartlara əsaslanan korporativ idarəetmə prinsiplərinin tətbiqi sahəsində keçən il Dünya Bankı ilə birlikdə 20 iri dövlət şirkətlərinə dair  maliyyə, mühasibatlıq, kadr uçotu və daşınmaz əmlaka aid məlumatların elektron vahid bazası formalaşdırıldı. Bu bazada iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradıldı. Dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə vəziyyəti haqqında illik xüsusi hesabat forması onlayn rejimdə qəbul edilir. Ötən il 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada yığılıb, sahələr üzrə təhlillər  aparılıb. Həmçinin 2 minə yaxın monitorinq aktı təhlil edilib.

Özəlləşdirmənin tam elektronlaşması və şəffaflığın təmin edilməsi məqsədilə ölkəmizdə  innovativ layihələrindən biri olan elektron hərracların tətbiqi, hərracları onlayn izləmə imkanları yaradılıb. İndiyədək 30-a yaxın elektron hərrac keçirilib, 900-ə yaxın elektron sifariş qəbul edilibdir. Bu dövrdə Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 209 hərrac keçirilib, 1200-dən çox dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Bu sahədə yaradılan imkanlar nəticəsində 75 hərrac rəqabətli şəkildə baş tutub. 2018-ci il ərzində ümumilikdə özəlləşdirmədən 101,2 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin edilib. Ötən ildə 4 müəssisənin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi baş tutub. Həmin müəssisələrə 68 milyon manat investisiya qoyuluşu, 450-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Özəlləşmə ilə bağlı bütün informasiyaları ictimaiyyətə və işgüzar dairələrə çatdıran Özəlləşmə portalına indiyədək baxış sayı 2 milyonu ötüb. Hər il olduğu kimi 2019-cu il üçün də “Özəlləşdirmə gündəliyi” portala yerləşdirilib. Bu sahənin geniş təbliği ilə bağlı regionlarda İşgüzar Forumlar da keçirilib.

Əmlakın qeydiyyatında vətəndaşın xidmət məkanında deyil, xidmətin vətəndaşın yanında olması sahəsində ən mühüm hadisələrdən biri 2018-ci ildə tikintisinə başlanılmış Əmlak Xidmətləri Məkanının cari ildə Ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə açılışı oldu. Bu Məkan vətəndaşlara göstərilən xidmətlərin daha müasir idarəetmə prinsiplərinə uyğun təşkil olunmasına imkan verir. Burada bütün xidmətlər beynəlxalq standartlara uyğun qurulmaqla, şəffaflığın təmin olunmasına, vətəndaş məmnunluğunun artırılmasına, vətəndaş-məmur münasibətlərinin minimuma endirilməsinə, xidmətlərin tam  elektronlaşdırılmasına istiqamətlənib. Yeni açılmış Əmlak Xidmətləri Məkanında beynəlxalq standartlara cavab verən, müasir üslubda, 100 nəfərin iştirak edə biləcəyi  Hərracların keçirilməsi zalı istifadəyə verilibdir.

     

Həmçinin bu sahədə yeniliklərdən biri də vətəndaşlara “Elektron çıxarış” verilməsidir. Artıq 8 mindən çox elektron çıxarış sahibi var. Eləcə də daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı çıxarışların 1 iş günü müddətində verilməsi imkanları yaradılıb. Ötən ildən qeydiyyatı vətəndaşa daha yaxın edən “Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” adlı sosial layihəyə start verilib. Xüsusi nəqliyyat vasitəsi alınmış və kampaniyanın 2018-ci il ərzindəki fəaliyyət dövründə 1000-dən artıq vətəndaşa hüquqların dövlət qeydiyyatının müxtəlif sahələri üzrə xidmətlər yerində göstərilib, 500-ə yaxın vətəndaş mülkiyyət hüququ əldə edibdir. Çıxarışları vətəndaşlara ünvanlarında təqdim etmək üçün “Kütləvi çıxarış” kampaniyaları da keçirilir. Ötən ildə də müxtəlif şəhər və rayonlarda 21 “Kütləvi çıxarış” kampaniyası baş tutub  Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə ötən il ərzində vətəndaşlardan ümumilikdə 81 minə yaxın müraciət qəbul olunub. Bütün bunlarla yanaşı, ötən il ərzində ölkə üzrə 220 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Göstərilənlər nəticəsində ölkəmiz «Doing Business 2019» hesabatında əmlakın qeydiyyatının sadəliyinə görə ötən illə müqayisədə daha 4 pillə irəliləyərək 190 ölkə arasında 17-ci yerdə qərarlaşıb.

Əmlak idarəçiliyi sahəsində ən iri layihələrdən olan torpaqların elektron kadastr uçotunun qurulması və rəqamsal xəritələrin hazırlanması işləri artıq 30 rayonda tamamlanıb. Kadastr uçot işləri yekunlaşmış 22 rayonda görülən işlərin nəticələrinin həmin rayonların ictimaiyyəti üçün təqdimatı keçirilib, formalaşmış məlumat bazası praktiki istifadə üçün yerli icra hakimiyyətlərinin istifadəsinə verilib. Həyata keçirilən torpaqların elektron kadastr uçotu işlərinin nəticələrindən ötən ildən artıq vətəndaşlar da faydalanmağa başlayıb. İlk pilot layihə kimi Salyan rayonunun Parça Xələc kəndində start verilib. Bu layihə çərçivəsində 600-ə yaxın pay torpaqlarının hüquqi mülkiyyətçilərinə məlumat bildirişləri təqdim edilib. Keçən il ərzində bu sahədə tətbiq edilən yeniliklərdən biri də “Kadastr Kalkulyatoru”nun istifadəyə verilməsi olub. Vətəndaşlar artıq kadastr işləri ilə bağlı xidmət haqqının məbləğini qabaqcadan hesablaya biləcəklər. 

Ünvan Reyestrinin formalaşdırılması sahəsində görülən işlərin nəticəsi olaraq ölkəmizin ilk rəsmi Ünvan Portalı istifadəyə verildi. Bu informasiya resursu Avropanın Ünvan Məlumatları İnfrastrukturu prinsipləri əsasında hazırlanıb. Ünvan Portalı Milli Məkan Məlumatları İnfrastrukturunun açar veb servislərindən biridir və Milli Məkan Məlumatları İnfrastrukturunun qurulmasına xidmət edir.

Torpaqlardan səmərəli istifadə edilməsində Peyk Nəzarət Sisteminin tətbiqi məqsədi ilə komitə tərəfindən Avropa təcrübəsi öyrənilib və ilk dəfə olaraq  torpaqların səmərəli istifadəsinə Peyk Nəzarət Sistemi qurulub. Artıq bu ilin əvvəlindən ilkin sınaqlar həyata keçirilməklə tam istifadəyə veriləcəkdir. Burada başlıca məqsəd torpaqlara dövlət nəzarətinin həyata keçirilməsində çevikliyin artırılması, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınması, torpaq tədqiqatı, geobotaniki tədqiqat zamanı yeni texnologiyaların (Süni İntellektin) imkanlarından istifadə edilməsidir.

Kənd təsərrüfatı təyinatlı dövlət torpaqlarının icarəyə verilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin razılığı əsasında həyata keçirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 sentyabr tarixli Fərmanı torpaqlardan daha səmərəli və məqsədli şəkildə istifadə edilməsinə, o cümlədən münbit torpaqların yenidən əkin dövriyyəsinə qaytarılması ilə bağlı genişmiqyaslı tədbirlər görülməsinə şərait yaradacaqdır.

Həmçinin, 2018-ci il ərzində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1245 hal üzrə inzibati protokollar tərtib edilib. Kənd təsərrüfatı məqsədi ilə (əkinçilik və heyvandarlıq) 69 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Bu dövrdə 2117 müraciət üzrə 8805 hektar bələdiyyə torpaqları müsabiqə və ya hərraclar vasitəsilə icarəyə verilib. Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, 35 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub.

Azərbaycan Respublikası Prezidentinin  “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilməsi ilə bağlı 2018-ci il 28 dekabr tarixli Fərmana əsasən artıq bu sahədə işlərə başlanılıb, xarici ekspertlərlə işgüzar danışıqlar aparılır. Milli Məkan Məlumatları İnfrastrukturu daha səmərəli idarəetməni təmin edəcək, xüsusən də eyni bir məlumatın təkrar-təkrar toplanmasını aradan qaldıracaq.

Əmlak idarəçiliyində inklüziv inkişafın təmin olunması nəticəsində göstərilən elektron xidmətlərin sayı 40-a çatdırılıb. 2018-ci il ərzində elektron və onlayn xidmətlər vasitəsilə 266 mindən çox müraciət daxil olub və cavablandırılıb. Eyni zamanda ötəni il ərzində 193 saylı Vahid Çağrı Mərkəzi, Komitənin sosial şəbəkələri və internet resursları vasitəsilə onlayn olaraq vətəndaşlardan 20 minə yaxın müraciət daxil olub və cavablandırııb.

Komitənin müasir kadr potensialına əsaslanan çevik idarəetmənin qurulması istiqamətdə keçən il bir sıra tədbirlər həyata keçirilib, regionlarda görüşlər olub, könüllülərlə birgə iş prinsipi formalaşdırılıb.

Bundan başqa Komitə beynəlxalq əməkdaşlıq sahəsində mühüm tədbirlər reallaşdırıb. Ötən il ərzində İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin özəlləşdirmə nazirlərinin və ekspertlərinin görüşü keçirilib və Bakı Bəyannaməsi qəbul edilib.

Daha sonra Komitə sədri 2019-cu ilin yeni hədəflərini açıqlayıb. Bunlar aşağıdakılardır:

 

  1. “Dövlət əmlakını qorumaq, hər birimizin vətəndaşlıq borcudur. Bunu cəmiyyətə aşılamaq”.
  2. Özəlləşdirmədə yeni yanaşmalar, şəffaflıq və iqtisadi səmərə olmalıdır.
  3. Əmlak Xidmətləri Məkanının təcrübəsi regionlarda da tətbiq edilməlidir.
  4. Əmlak qeydiyyatında əsas vəzifə - xidmətlərdə əlçatanlıq və vətəndaş məmnunluğunun daha da artırılması, kağız çıxarışdan tam elektron çıxarışa keçmək.
  5. Torpaqların elektron kadastr uçotunun verdiyi nəticələr vətəndaşlara da çatdırılmalıdır.
  6. Torpaqlardan səmərəli istifadədə - Peyk Nəzarət Sisteminin imkanlarının geniş tətbiqi və digər qurumlarla inteqrasiya;
  7. Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması və inteqrasiyası.
  8. Müasir düşüncə - gələcəyə addım. Kadr potensialının inkişafı və çevik idarəçilik.

 

Müşavirənin sonunda Komitə sədri Kərəm Həsənov Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının çıxışından irəli gələrək qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarına uyğun olaraq qeyd edib ki, fəaliyyət prosesinin şəffaflığı, vətəndaş məmnunluğunun təmin edilməsi prosesində daha da operativ fəaliyyət göstərilməlidir. Yerli və xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi məqsədilə bu sahədə yeni yanaşmaların tətbiqi genişləndirilməlidir. Həmçinin bildirib ki, daşınmaz əmlakın qeydiyyatı tam elektronlaşdırılmalı, prosedurlar daha da sadələşdirilməlidir. Eyni zamanda torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə edilməsi tam təmin edilməli, torpaqların elektron uçotunun yekunlaşdığı rayonlar üzrə torpaq idarəçiliyi təhlil olunmalı və yeni yanaşmalara dair təkliflər hazırlanmalıdır.