Rayon (şəhər) icra hakimiyyətləri tərəfindən torpaq qanunvericiliyinin tələblərinin pozulmasına səbəb olan   sərəncam və qərarların  ləğv edilməsi barədə məhkəmələrdə qaldırılan iddialar məhkəmələr tərəfindən işlərin icraata götürülməyərək rədd olunurdu. Bunun əsas səbəbi “İnzibati icraat haqqında”  Azərbaycan Respublikası  Qanununun 4.3-cü maddəsinin tələbləri idi.

Belə ki, qeyd olunan qanunun tələblərinə əsasən  inzibati orqanlar arasında aidiyyət və ya səlahiyyətlərlə bağlı mübahisələrin müəyyən olunmuş qaydada subordinasiya baxımından yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edilməsi nəzərdə tutulmuşdur.

Uzun müddət həmin komissiyanın fəaliyyət göstərməməsi kənd təsərrüfatı təyinatlı torpaqlarda, xüsusilə də pay torpaqlarında tikinti işlərinin aparılmasına razılıq verilməsi, torpaqayırma olmadan birbaşa tikintiyə razılıq və digər qeyri-qanuni işlər barədə  verilmiş sərəncamların ləğv edilməsi iddiası ilə məhkəmələrə göndərilən işlərin icraata götürülməsinə maneçilik törətmişdir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası  Qanununda dəyişiklik edilməsi haqqında” 30 oktyabr 2018-ci il tarixli, 1302-VQD nömrəli Azərbaycan Respublikası  Qanunu və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası  Qanununda dəyişiklik edilməsi haqqında” 30 oktyabr 2018-ci il tarixli, 1302-VQD nömrəli Azərbaycan Respublikası  Qanununun  tətbiqi haqqında” Azərbaycan Respublikası  Prezidentinin 25 dekabr 2018-ci il tarixli Sərəncamı  ilə artıq bu maneə aradan qaldırılmışdır. Qanuna edilmiş dəyişikliyə əsasən artıq məhkəmələr qeyd olunan məsələlərlə bağlı komitə tərəfindən qaldırılan iddiaları icraata götürürlər.