Icra intizamının möhkəmləndirilməsi və icraya nəzarətin təşkilinin təkmilləşdirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

         

Ölkəmizdə qanunun aliliyinin təmin edilməsi və demokratik, hüquqi dövlət quruculuğunun formalaşdırılması istiqamətində son dövrlərdə sosial-iqtisadi, hüquqi və digər sahələrdə əsaslı islahatlar aparılaraq qanunvericilik bazası təkmilləşdirilmiş, cəmiyyətin hərtərəfli inkişafı üçün zəruri şərait yaradılmışdır.

Yeni ictimai münasibətlərin və bazar iqtisadiyyatının təşəkkül tapması ilə əlaqədar nəzarət sistemi ciddi dəyişikliklərə uğrayaraq səmərəli dövlət nəzarəti mexanizmi yaradılmış, iqtisadiyyatın inkişafına mane olan hallara son qoyulmuş, icra və hüquq mühafizə orqanlarının yoxlama funksiyalarını həyata keçirən qurumları ləğv edilmiş, əsassız yoxlamalar qadağan olunaraq inzibati-amirlik, pərakəndəlik halları, qüsur və çatışmazlıqlar aradan qaldırılmışdır.

Bununla belə, Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinin təhlili göstərir ki, bu işdə yaxşı təcrübə ilə yanaşı nöqsanlar da mövcuddur. Bəzi hallarda qoyulmuş vəzifələrin icrası vaxtında və tam təmin edilmir, icraya mane olan amillərin müəyyən edilib aradan qaldırılması üçün lazımi tədbirlər görülmür.

Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının vaxtında və tam icrasının təmin olunması, icra intizamının möhkəmləndirilməsi, bununla bağlı icra hakimiyyəti orqanlarının məsuliyyətinin artırılması məqsədilə qərara alıram:

1. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki:

1.1. Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının (bundan sonra - tapşırıqlar) vaxtında və tam icra olunması üçün konkret tədbirlər görsünlər;

1.2. tapşırıqların icrası ilə əlaqədar görülmüş işlər barədə müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsinlər.

2.  Müəyyən edilsin ki, icra hakimiyyəti orqanlarının rəhbərləri tapşırıqların yerinə yetirilməsinə görə şəxsən məsuliyyət daşıyırlar.

3. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına tapşırılsın ki:

3.1. icra məsələlərinin vəziyyətini mütəmadi olaraq yoxlasın və icraya
mane olan halların aradan qaldırılması barədə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Prezidentinə təkliflər versin;

3.2. tapşırıqlar tam icra olunduqdan sonra onları nəzarətdən çıxarsın.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti tapşırıqların yerinə yetirilməsinin gedişi və icra intizamının vəziyyəti barədə icra hakimiyyəti orqanlarının hesabatlarını səlahiyyətləri daxilində mütəmadi olaraq öz iclaslarında dinləsin.

5. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2006-cı il

№  472