«Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

«Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar olaraq həmin Qanunun tətbiq edilməsini tə`min etmək məqsədi ilə qərara alıram:

 

1. Müəyyən edilsin ki:

  • «Özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin borcları haqqında» Azərbaycan Respublikası Qanununun 2.5-ci və 3-cü maddələrində nəzərdə tutulan «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının prezidenti yerinə yetirir;
  • həmin Qanunun 2.1-ci maddəsində göstərilən «müvafiq icra hakimiyyəti orqanı» dedikdə, Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

  • aidiyyatı dövlət orqanları ilə birlikdə özəlləşdirilən dövlət müəssisələrinin, aqrar islahatları nəticəsində ləğv olunmuş və işğal altında olan rayonların təsərrüfat subyektlərinin dövlət büdcəsinə, büdcədənkənar dövlət fondlarına, qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən məhsul, iş və xidmətlərin istehlakına görə dövlət müəssisələrinə olan borclarının və bu müəssisələrin səhmlərinin nəzarət zərfi dövlətə məxsus banklara olan ödəmə vaxtı ötmüş borclarının silinməsi qaydalarının layihəsini hazırlayıb bir ay müddətində təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
  • öz səlahiyyətləri daxilində bu Qanunun icrasını tə`min edən tədbirlər həyata keçirsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

 

Heydər ƏLIYEV

AzərbaycanRespublikasınınPrezidenti

Bakı şəhəri, 28 noyabr 2000-ciil.

№ 423