«Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət  torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin

1997-ci il 19 dekabr tarixli 659 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin özəlləşdirilməsi qaydalarını təkmilləşdirmək məqsədi ilə qərara alıram:

 

1. «Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 19 dekabr tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnamədə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, № 6, maddə 514) aşağıdakı dəyişikliklər edilsin:

  •          Əsasnamənin 12-ci bəndinin beşinci abzası aşağıdakı redaksiyada verilsin:
  •           «özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və ya icarəsində olmasını təsdiq edən sənəd (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi). Torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlərin əldə edilməsi mümkün olmadıqda Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi müvafiq yerli icra hakimiyyəti orqanları ilə birlikdə özəlləşdirilmiş müəssisə və obyektlərin faktiki istifadəsində olan torpaq sahəsini müəyyən edir».

2. Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu Fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bir şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun.

3. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLIYEV.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 may 1999-cu il.

№ 136