Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiq edilməsi barədə» 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Dövlət müəssisələrinin iştirakı ilə yaradılmış müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payının özəlləşdirilməsi prosesini sürətləndirmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 7.4-cü bəndi aşağıdakı redaksiyada verilsin:

«7.4. Dövlət müəssisələrinin iştirakı ilə yaradılmış müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payı II Dövlət Proqramının 2.2-ci və 2.3-cü bölmələrində göstərilmiş təsnifatlaşdırmaya uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin və ya Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarları ilə aşağıdakı qaydada özəlləşdirilir:

7.4.1. dövlətin payı inventarizasiya olunaraq yenidən qiymətləndirilir və müəyyən edilmiş start qiyməti ilə ilk növbədə müştərək müəssisənin digər təsisçisinə (təsisçilərinə) təklif olunur. Digər təsisçi (təsisçilər) dövlət payını almağa razılıq verdikdə onunla alqı-satqı müqaviləsi bağlanır və o, 2 ay müddətində payın dəyərini ödəyir;

7.4.2. müştərək müəssisənin digər təsisçisi (təsisçiləri) təklif olunmuş dövlət payını almaqdan imtina etdikdə, həmin pay II Dövlət Proqramının 4.4-cü bəndinə uyğun olaraq hərrac vasitəsi ilə özəlləşdirilir».

2. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılsın ki, dövlət müəssisələrinin iştirakı ilə yaradılmış müştərək müəssisələrin nizamnamə kapitalındakı dövlətin payı özəlləşdirilənədək, həmin payların səmərəli idarə olunmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsiilə birlikdə bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Heydər ƏLIYEV

AzərbaycanRespublikasınınPrezidenti

Bakı şəhəri, 18 aprel 2002-ci il

№ 691