Azərbaycan Respublikası
Prezidentinin
2003-cü il 18 sentyabr tarixli,
919 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

 

Özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarları ilə həyata keçirilən müəssisə və obyektlərin əmlakının

siyahıya alınması
Qaydaları

 

1. Bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının, habelə özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarları ilə həyata keçirilən müəssisə və obyektlərin əmlakının vergi borclarını, vergi borcu üzrə hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını (bundan sonra—vergi borcları) ödəməməyə görə vergi orqanları tərəfindən siyahıya alınması qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə özəlləşdirilməsi qadağan olunan dövlət əmlakının siyahıya alınması Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin və həmin əmlakın balanssaxlayıcısının razılığı və iştirakı ilə həyata keçirilir.

3. Özəlləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilən, lakin özəlləşdirilməsi barədə qərar qəbul edilməmiş və ya özəlləşdirilməsi başa çatmamış müəssisə və obyektlərin əmlakının siyahıya alınması yalnız Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı və iştirakı ilə həyata keçirilir.

4. Bu Qaydaların 2-ci bəndində göstərilən əmlak, vergi borcları olan müəssisə və təşkilatların balansında olduqda və onun siyahıya alınmasına dair Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və ya həmin əmlakın balanssaxlayıcısı razılıq vermədikdə, vergi orqanları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada həmin müəssisə və təşkilatların hesablaşma, valyuta və digər hesablarından vergi borclarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verir və bu sərəncam vergi borcları yerinə yetirilənədək qüvvədə qalır.

5. Bu Qaydaların 3-cü bəndində göstərilən əmlak vergi borcları olan müəssisə və təşkilatların balansında olduqda, vergi orqanları tərəfindən həmin müəssisə və təşkilatların hesablaşma, valyuta və digər hesablarından vergi borclarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verilən gündən 15 gün müddətində özəlləşdirilən əmlakın siyahıya alınmasına razılıq bildirilməsi məqsədi ilə vergi orqanları Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə rəsmi müraciət edir.

6. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən bu Qaydaların 3-cü bəndində göstərilən müəssisə və obyektlərin özəlləşdirilən əmlakının siyahıya alınmasına razılıq bildirildikdə vergi orqanının müraciəti daxil olduğu gündən bir ay müddətində vergi borcları üzrə tələbin hansı əmlaka ilk növbədə yönəldilməsi təklifi barədə və siyahıyaalınma prosesində iştirak edəcək səlahiyyətli nümayəndəsi barədə sorğu verən müvafiq vergi orqanına rəsmi məlumat verilir və özəlləşdirilən əmlakın siyahıya alınması Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Siyahıyaalınma prosesində Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirak etməməsi əmlakın siyahıya alınmasını təxirə salmır.

7. Bu Qaydaların 3-cü bəndində göstərilən müəssisə və obyektlərin əmlakının siyahıya alınmasına Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin razılığı olmadıqda, həmin əmlakın sahibi və ya istifadəçisi olan müəssisə və təşkilatların hesablaşma, valyuta və digər hesablarından vergi borclarının dövlət büdcəsinə alınması üçün banka və ya digər kredit təşkilatına verilən vergi orqanlarının sərəncamı vergi borcları yerinə yetirilənədək qüvvədə qalır.

8. Vergi orqanlarının vergi borclarının dövlət büdcəsinə alınması haqqında sərəncamları bank və ya digər kredit təşkilatı tərəfindən Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş ödənişlərin növbəliyi ardıcıllığına uyğun olaraq icra edilir.