Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində tam istifadə olunmadığını nəzərə alaraq əhalinin, o cümlədən yerli və xarici iş adamlarının özəlləşdirilmə prosesində iştirakını daha da genişləndirmək, ölkə iqtisadiyyatına investisiyalar cəlb etmək, habelə əhalinin sosial rifahını yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

 

1. Müəyyən edilsin ki:

1.1. dövriyyədə olan dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə müddəti 2008-ci il yanvar ayının 1-dəkdir;

1.2. bu fərmanın 1.1-ci bəndində göstərilən müddətə qədər dövlət əmlakının özəlləşdirilməsi zamanı tədiyə vasitəsi kimi istifadə edilməyən özəlləşdirmə payları (çekləri) qanunvericiliklə müəyyən edilmiş qaydada dövriyyədən çıxarılır.

2. Müəyyən edilsin ki:

2.1. Azərbaycan Respublikasının dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunvericiliyinə uyğun olaraq vaxtilə dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə payını almaq hüququ verilmiş, lakin hər hansı bir səbəbdən ala bilməyən Azərbaycan Respublikasının vətəndaşlarına bu fərman qüvvəyə mindiyi gündən həmin payı almaq üçün 3 ay vaxt verilir;

2.2. bu fərmanın 2.1-ci yarımbəndində müəyyən edilmiş müddət bitdikdən sonra 2 ay müddətində dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə payını almaq hüququ verilmiş aşağıda göstərilən Azərbaycan Respublikasının vətəndaşlarına yenidən 4 (dörd) çekdən ibarət bir dövlət özəlləşdirmə payı verilir:

2.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və dövlət müstəqilliyi uğrunda mübarizədə şəhid olmuş vətəndaşların və 20 Yanvar şəhidlərinin qanuni varislərinə;

2.2.2. Azərbaycan Respublikası torpaqlarının azad olunması, ərazi bütövlüyü və müstəqilliyi uğrunda aparılan hərbi əməliyyatlar zamanı yaralanmış və bu əməliyyatlarda iştirak etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (müvafiq siyahılar müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri tərəfindən təqdim edilir);

2.2.3. Azərbaycan Respublikasının Milli Qəhrəmanlarına, Sovet Ittifaqı Qəhrəmanlarına, Sosialist Əməyi Qəhrəmanlarına və onlara bərabər tutulan digər şəxslərə;

2.2.4. 20 Yanvar hadisələri zamanı əlil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına, Ikinci Dünya müharibəsi əlillərinə, Əfqanıstan müharibəsində həlak olmuş vətəndaşların ailələrinə və həmin müharibənin əlillərinə, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması zamanı əlil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına;

2.3. Ikinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 4 (dörd) çekdən ibarət əlavə bir dövlət özəlləşdirmə payı verilir (müvafiq siyahılar müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirlikləri tərəfindən təqdim edilir).

3. Azərbaycan Respublikası prezidentinin aşağıdakı fərmanlarında dəyişikliklər edilsin:

3.1. «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası prezidentinin 2000-ci il 10 avqust tarixli, 383 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 606) aşağıdakı dəyişikliklər edilsin:

3.1.1. Fərmanın 2-ci bəndi qüvvədən düşmüş hesab edilsin;

3.1.2. həmin fərmanla təsdiq edilmiş «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı»nın 1.5-ci bəndində və 10.4-cü bəndinin ikinci abzasında «2004-cü il iyul ayının 1-dək» sözləri «2008-ci il yanvar ayının 1-dək» sözləri ilə əvəz edilsin.

3.2. Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası prezidentinin bəzi fərmanlarının və sərəncamlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi fərmanlarına və sərəncamlarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası prezidentinin 2001-ci il 11 oktyabr tarixli, 587 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 10, maddə 640) II bölməsinin 43-cü bəndinin üçüncü və dördüncü abzasları qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

4.1. bir ay müddətində bu fərmanın 2-ci bəndində müəyyən edilmiş müddətlərdə əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi qaydalarını və dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi işinin təşkili üzrə komissiyanın tərkibini təsdiq etsin;

4.2. bu fərmanın 2-ci bəndinə uyğun olaraq ölkə vətəndaşlarının bəzi təbəqələrinə yeni çeklər verildikdən sonra da paylanmamış dövlət özəlləşdirmə payları (çekləri) qalarsa, onların ləğv edilməsi qaydalarını müəyyən etsin və bu məqsədlə zəruri olan tədbirləri görsün;

4.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının  Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə tapşırılsın ki:

5.1. bu fərmanın 2-ci bəndində müəyyən edilmiş müddətlərdə əhalinin bəzi təbəqələrinə dövlət özəlləşdirmə paylarının (çeklərinin) verilməsi ilə bağlı müvafiq qaydaların layihəsini 15 gün müddətində hazırlayıb aidiyyəti olanlarla razılaşdıraraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;

5.2. dövlət özəlləşdirmə paylarının (çeklərinin) özəlləşdirmə prosesində səmərəli istifadə olunması üçün zəruri tədbirlər görsün.

6. Azərbaycan Respublikasının  Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi özəlləşdirmə payları (çekləri) mütəşəkkil bazarının işinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlər görsünlər.

7. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

 

Ilham ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2004-cü il.

№ 75