Azərbaycan Rəssamlar Ittifaqı üzvlərinin istifadəsində olan fərdi yaradıcılıq emalatxanalarının onların mülkiyyətinə verilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan rəssamları və heykəltəraşlarının milli mədəniyyətin və incəsənətin təbliğində və inkişafındakı xidmətlərini nəzərə alaraq, onların yaradıcılıq fəaliyyəti üçün şəraiti daha da yaxşılaşdırmaq məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasında dövlət mülkiyyətində olan və Azərbaycan Rəssamlar Ittifaqı üzvlərinin istifadəsinə verilmiş fərdi yaradıcılıq emalatxanaları qanunvericiliyə uyğun olaraq onların mülkiyyətinə verilsin.

2. Azərbaycan Respublikasının Iqtisadi Inkişaf Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın birinci bəndinə uyğun olaraq Azərbaycan Rəssamlar Ittifaqının üzvlərinə verilmiş fərdi yaradıcılıq emalatxanaları və Azərbaycan Rəssamlar Ittifaqı Rəyasət Heyətinin 14 iyul 2000-ci il tarixli qərarı ilə ittifaqın balansından əvəzsiz olaraq onun üzvlərinin mülkiyyətinə verilmiş yaradıcılıq emalatxanaları üzərində onların mülkiyyət hüququnu müvafiq qaydada rəsmiləşdirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

Heydər ƏLIYEV

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2003-cü il

№ 1251