Azərbaycan Respublikasının Nazirlər Kabineti

Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri haqqında

Qərar № 73

Bakı şəhəri, 20 aprel 2005-ci il

Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli, 177 nömrəli qərarı ilə təsdiq edilmiş «Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş əsas vəsaitlərin silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar»ın 2.10-cu bəndində nəzərdə tutulmuş «Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

A. RASI-ZADƏ

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2005-ci il 20 aprel tarixli,
73 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri

1. Ekologiya, yanğından mühafizə və mülki müdafiə təyinatlı əsas vəsaitlər (ilkin balans dəyəri 1,0 milyard manatdan yuxarı olan).

2. Dövlət və səfərbərlik ehtiyatları saxlanılan tikililər və qurğular (ilkin balans dəyəri 1,0 milyard manatdan yuxarı olan).

3. Respublika əhəmiyyətli ötürücü qurğular — neft və neft məhsullarının magistral kəmərləri, magistral qaz kəmərləri, magistral su kəmərləri, 220 kilovoltdan yuxarı olan elektrik verilişi xətləri və qurğuları (ilkin balans dəyəri 2,5 milyard manatdan yuxarı olan).

4. Elektrik və istilik stansiyaları (dəyərindən asılı olmayaraq).

5. Respublika əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər, limanlar (ilkin balans dəyəri 2,0 milyard manatdan yuxarı olan).

6. Nəqliyyat vasitələri (ilkin balans dəyəri 5,0 milyard manatdan yuxarı olan).

7. Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının balansında olan binalar (ilkin balans dəyəri 1,5 milyard manatdan yuxarı olan).

8. Tərkibində qiymətli metalların dəyəri 25,0 milyon manatdan yuxarı olan bütün növ əsas vəsaitlər (fondlar).