Əmlak Məsələləri Dövlət Komitəsinin Apellyasiya Şurasına 30.12.2019-cu il tarixinə 40 şikayət daxil olmuşdur. Bunlardan 12-si dövlət qulluğuna qəbulla bağlı namizədlərin müsahibənin nəticələrindən verilmiş şikayətlərlə bağlı olmuşdur. Şikayət müəlliflərindən 5-i hüquqi şəxs, 35-i isə fiziki şəxs olmuşdur.

Bildiririk ki, dövlət qulluğuna qəbulla bağlı namizədlərin müsahibənin nəticələrindən verdiyi 12 şikayət Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2018-ci il tarixli, 1910 nömrəli Fərmanı ilə yeni redaksiyada verilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə cavab verdiyindən komitənin Apellyasiya Şurasında baxılması üçün icraya götürülmüşdür. Həmin  şikayətlərdən 4-ü təmin edilmiş, 6-sı təmin edilməmiş, 2-si hazırda icraatdadır.

Bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə bağlı 3 şikayət Azərbaycan Respublikası Prezidentinin 05 aprel 2018-ci il tarixli, 1910 nömrəli Fərmanı ilə yeni redaksiyada verilmiş “Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə cavab verdiyindən komitənin Apellyasiya Şurasında baxılması üçün icraya götürülmüşdür (yekun hesabatın qəbul edilməsi və mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi, daşınmaz əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması, torpaq sahəsi üzərində icarə hüququnun qeydiyyata alınması). Həmin şikayətlərdən 2-si qismən təmin edilmiş, 1 şikayət üzrə icraata xitam verilmişdir. 1 şikayət maraqlı şəxsin ərizəsinə əsasən geri götürüldüyündən baxılmamışdır. 24 şikayət Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamənin tələblərinə cavab vermədiyindən (sahibkarlıq fəaliyyəti ilə bağlı olmamış, komitənin səlahiyyətinə aid olmamış, yuxarı orqan və ya tabelikdəki qurum tərəfindən inzibati akt qəbul edilməmiş, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmuş və s.) Şuranın müzakirəsinə çıxarılmamışdır. Həmin şikayətlər aidiyyəti üzrə baxılaraq tədbirlərin görülməsi üçün komitənin strukturuna daxil olan qurumlara göndərilmiş və ya mahiyyəti üzrə cavablandırılaraq bu barədə müraciət müəlliflərinə məlumat verilmişdir.